“Parlaq şəxsiyyət kimi formalaşmadan yaxşı mütəxəssis olmaq olmaz”

2022-ci ilin 7 yanvar tarixində “Yeni çağırışlar” onlayn müzakirə proqramı fəaliyyətinin bir ilini qeyd edib. Dünya şöhrətli mütəxəssislərin iştirak etdiyi proqram təhsildə yeni çağırışları müzakirə edərək davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaq missiyasını hələ də davam etdirir.

 

Belə ki, təhsil tarixində özünəməxsusluğu ilə seçilən “Yeni çağırışlar”da bu günə qədər “Khan Academy”nin yaradıcısı Sal Khanla yayımlanmağa başlayan proqram il ərzində dünya şöhrətli alim və təhsil tədqiqatçıları ilə canlı bağlantı yaradaraq onları Azərbaycan auditoriyasına yaxından təqdim edib. Bu günədək proqramda Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan, Finlandiya təhsilini dünyaya tanıdan professor Pasi Sahlberg, harvardlı alim, Harvardakı Dəyişiklik üzrə Liderlik Qrupunun rəhbəri Toni Vagner, türkiyəli təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen, Türkiyə Təhsil Dərnəyinin prezidenti, Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü Səlcuq Pəhlivanoğlu, “edX”in yaradıcısı Anat Aqarval, Türkiyənin ən tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören, Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Hətti, beynəlxalq bestsellerlər müəllifi, yazıçı və yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins və digərləri qonaq olublar.

 

Təhsildə yeni çağırışların müzakirə edildiyi proqramda həm də Azərbaycançılıq ideyası qonaqlara təqdim edilir, ölkəmiz təbliğ olunur. Qlobal miqyasda özünü təsdiqləmiş qonaqlara yaradıcı formada təqdim edilən Şuşa Realnı məktəbi, müsəlman Şərqində ilk dünyəvi Qızlar məktəbi, Hüseyn Cavidin “Gülbahar”ı, NASA tərəfindən kosmosa göndərilən və qızıl plastinkada yer alan Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” kompozisiyası, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si, doğma Qarabağımızın simvolu Xarıbülbül, aparıcı Cəfər Mənsiminin milli libasda qonaqları salamlaması və s. bunun bariz nümunəsidir.

 

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 7 yanvar 2022-ci il tarixində növbəti buraxılışı yayımlanıb. Bu buraxılışda qonaq olan dünya şöhrətli professor, tədqiqatçı, yazıçı, beynəlxalq bestseller müəllifi Filip Kotlerlə təhsildə brendləşmə barədə danışılıb.

 

T-Network-un koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Dövlət məktəblərinin brendləşməsi

 

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmasını nəzərə alaraq ilin simvolu olan Xarıbülbül çiçəyi fonunda qonağı və izləyiciləri salamlayan  görüşün aparıcısı, T-Network-un koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsimi dünya şöhrətli professor, “marketinqin atası” Filip Kotleri izləyicilərə yaxından təqdim edib. Bildirilib ki, Filip Kotler 50 ildən çox müddətdə Norvest Universitetində dərs deyib. Professorun “Marketinqin idarə olunması” kitabı dünyada ən çox istifadə edilən marketinq dərsliyidir. F.Kotler dünyanın 22-dən çox universitetinin fəxri adlarına layiq görülüb, 80 kitabın, o cümlədən, 150-dən çox elmi məqalənin müəllifidir.

 

Aparıcının “Dövlət məktəblərinin brendləşməsi barədə nə düşünürsünüz? Əgər dövlət məktəblərinin brendləşməsini dəstəkləyirsinizsə, bu istiqamətdə bizə nə tövsiyə edərdiniz?” sualını cavablandırarkən professor hər bir məktəbin öz-özlüyündə bir brend olduğunu deyib: “İstənilən müəssisə,  şəxs, yer özü bir brenddir və şəxsi atributu vardır. Bu zaman belə sual yaranır ki, bu brendi siz kommunikasiya etmək istəyirsinizmi? Çünki əsas məsələ müəyyən bir brendin təqdirə, tərifəlayiq olması üçün nə etmək lazım olmasındadır. Deməli, müəyyən bir brend haqqında təsəvvür əldə etmək üçün insanlara müraciət etmək olar ki, onu təsvir etsinlər və buna görə lazımi addımlar atılmalıdır. Əslində dövlət və özəl məktəblər haqqında artıq bir təsvir var. Mənim üçün dövlət məktəbləri güclü öyrənmə marağı, fürsətlər, daha yaxşı olmaq, təkmilləşmək imkanı deməkdir. Yeri gəlmişkən, hərdən mənim də brendimi soruşurlar, deyirəm gəlin həyatı yaxşılaşdıraq, əyləncəli edək, mürəkkəblik deyil, hər şeydə sadəlik axtaraq.Odur ki, dövlət məktəbləri brendlə, məktəb təsviri ilə bağlı hansı mesajı kommunikasiya etmək istədikləri barədə düşünməlidirlər. Həmçinin dəyərlər formalaşdırmalıdırlar”.

 

Əsas ideya

 

Şagirdlərin məktəblərdə sıxılması, darıxması məsələsinə toxunan qonaq bu vəziyyəti dəyişmək üçün dərs deyərkən müəllimləri günü fəaliyyətlə keçirməyə çağırıb, darıxdırıcı olmamaq üçün şagird və tələbələri qruplara bölərək komandalar yaratmağı, onları maraqlandıran müxtəlif məsələ haqqında sual verməyi, gəncləri bu suallar ətrafında düşünməyə sövq etməyi təklif edib.

 

“Marketinq heç vaxt bitməyən simfoniyadır” söyləyən yazıçı öyrənmənin də bitməyən proses olduğunu bildirib və həyat boyunca öyrənmənin əsas ideya olduğuna diqqət çəkib.

 

Təhsil almaq istəyən insanları dəstəkləməyin vacibliyini qeyd edən F.Kotler bəzi valideynlərin övladlarının arzusunun qarşısını alması məsələsinə də toxunub, valideynləri uşaqlarına peşə seçimində sərbəstlik verməyə, erkən yaşlarından gələcəkdə kim olmaq istədiklərini təsəvvür etməyə, həyatda məqsədlərini tapmağa həvəsləndirməyə çağırıb.

 

Öyrənənlərin devizi

 

“Öyrənənlərin həyat devizi olmalıdırmı? Tələbələrinizdə hansı həyat devizi inkişaf etdirirsiniz? Sizin həyat mottonuz nədir?” suallarına cavab olaraq professor bildirib: “Hər bir insanın həyatında məqsədin olması vacibdir və buna görə öyrənənlərin də devizləri olmalıdır. Məsələn, “Humanist olaraq mənim həyatım” adlı avtobioqrafik kitabımda humanist olmağı önə çıxarmışam. Humanistlik nədir və ya humanist insan kimdir? Empatiyası, qayğıkeşliyi, təəssübkeşliyi olan, insanların həyatı ilə maraqlanan şəxslər”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını cavablandıran bestseller müəllifi  tanınmış professor Hovard Qardnerin “Çoxşaxəli zəka nəzəriyyəsi”nə toxunub: “8 guşədə Qardnerin irəli sürdüyü nəzəriyyədəki 8 zəka növü yer ala bilər. Nə idi bunlar? “1. vizual zəka - təsvirlərlə düşünmək; 2. musiqi-ritmli zəka, 3. verbal zəka; 4. məntiqi, riyazi zəka; 5. kinestetik zəka, bu zəkaya malik insanlar gözəl rəqqas olurlar; 6. şəxslərarası zəka - digər insanlarla yola getmək, sosial bacarıqlara sahib olmaq; 7. fərddaxili zəka. 8. naturalist zəka”. Bir sözlə, insanlar fərqləndiyi kimi onların zəkası da fərqlidir. Biz tədris prosesində, münasibətlərdə bu çağırışa səs verməliyik. Təəssüf ki, bir çox məktəb emosional tərəfi yaddan çıxarır və müxtəlif zəkaları nəzərə almırlar. Halbuki, professor Deniel Koumanın araşdırdığı emosional zəka anlayışı nəzərə alınmalıdır”.

 

Brend dəyər gətirməlidir

 

İzləyicilərdən gələn “Dövlət məktəblərinin brendləşməsində, təhsildə marketinq alətlərinin tətbiq etməyin ən optimal üsulunu necə görürsünüz?” sualını cavablandırarkən professor bildirib ki, məhsulun (məktəbin) cəhətlərinin dizayn, xərc və qiymətinin düzgün müəyyən, təşviq və təbliğ olunması, düzgün kommunikasiya edilməsi çox vacibdir.

 

Qlobal miqyasda uğur qazanmaq istəyənlərə yazıçı sevdikləri işlə məşğul olmağı tövsiyə edib, həyatda məqsədlərin, dostların, coşqunun əhəmiyyətindən bəhs edib: “Məqsədləri müəyyən edərək, uğurları nəzərdən keçirərək, rəylərə baxaraq işinizin keyfiyyətini ölçürsünüz. Parlaq şəxsiyyət kimi formalaşmadan yaxşı mütəxəssis olmaq olmaz. Parlaqlıq ürəkdən sevinə bilmək bacarığı, zövq alamq bacarığı, ruh yüksəkliyidir. Həyatda qarşısındakını özü kimi sevindirə bilən, enrjisi aşıb-daşan həyatsevərlər qalib gəlir. Coşqulu, parlaq insan olmaq, özünü və bacarıqlarını tanımaq, digər insanlara bu coşqunu ötürmək, planetin qayğısına qalmaq lazımdır ki, planet, cəmiyyət dayanıqlı və xilas edilmiş olsun, düzgün dəyərlər aşılansın. Yeri gəlmişkən, brendləşmək prosesinin özündə də dəyər ehtiva olunmalıdır ki, həyat yaxşı olsun”.

 

Proqramın yekununda Filip Kotler bu kimi təşəbbüslər həyata keçirdiyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təşəkkürünü bildirib, çox maraqlı proqramda iştirakından məmnunluğunu dilə gətirib.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



14.01.2022 | 10:14