Dövlət İmtahan Mərkəzində fənlər üzrə işçi qruplarının iclası keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili və kimya fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

DİM-dən bildirilib ki, ingilis dili və Azərbaycan dili fənləri üzrə işçi qruplarının iclasında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub.Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının uyğunluğuna diqqət yetirilib.

 

Kimya fənni üzrə işçi qrupun iclasında isə gündəlik məsələ 2021-ci ildə keçirilmiş IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. Bildirilmiş qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

 

İşçi qruplarının növbəti iclasları 17-18 yanvar 2022-ci il tarixlərində olacaq.

 



12.01.2022 | 13:48