Universitet cari tədris ilini “İnformasiya texnologiyaları” ili elan edib | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili “İnformasiya texnologiyaları” ili kimi elan edilib.
Universitetdən bildirilib ki, UNEC tədbirlər planına əsasən, İKT- baza kompüter bilikləri fənninin proqramının və sillabusunun dövlət standartlarında müəyyən olunmuş kompetensiyalar, beynəlxalq standartlar əsasında yenidən hazırlanması, fənlərin daha praktik formada tədrisi məqsədilə metodologiyanın yenilənməsi, fənn proqramları və dərsliklərin beynəlxalq universitetlərin təhsil proqramlarına uyğunlaşdırılması, rəqəmsal dərsliyin, tədris vəsaitlərinin çap olunması nəzərdə tutulub.
İl ərzində UNEC-də İT üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə tələbə və müəllimlər arasında sorğu keçiriləcək, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllim və əməkdaşların beynəlxalq təcrübə proqramlarında, təlimlərdə iştirakına şərait yaradılacaq, təhsilalanların informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə sertifikat proqramları təşkil olunacaq. Tədbirlər planında UNEC-də kompüter laboratoriyalarının sayının artırılması, fakültələr üzrə laboratoriyaların yaradılması, İT sahəsi, eləcə də Beynəlxalq virtual laboratoriyalar üzrə əməkdaşlıqların qurulması və nüfuzlu ekspertlərin tədris prosesinə cəlb olunması, yeniliklərin tələbə və müəllimlər arasında müzakirəsi üçün “Onlayn fikir bankı”nın yaradılması da əks olunub.
Fevral ayında isə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu (İİTE), UNESCO yanında Ali təhsil sferasında Beynəlxalq İnnovasiyalar Mərkəzi (ICHEI) və UNEC arasında "Azərbaycanda ali təhsilin rəqəmsal transformasiyası: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
|
|
11.01.2022 | 16:19 | |
|
|
|