“Klinik fənlər üzrə mühazirələrə xarici ekspertlər də dəvət olunacaq” | |
Azərbaycan Tibb Universitetində (ATU) Rezidentura və magistratura şöbəsinin təşəbbüsü ilə rezidentlər uçün silsilə mühazirələrə start verilib.
İlk mərhələdə həftədə bir dəfə olmaqla nəzəri fənlər - insan anatomiyası, patoloji fiziologiya, klinik biokimya və tibbi statistika üzrə mühazirələrin aparılması nəzərdə tutulub.
Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova bu mühazirələrin baza təhsili çərçivəsində qazanılan biliklərin daha da möhkəmləndirilməsi baxımından çox faydalı olacağını vurğulayb. Qeyd edib ki, rezidentlər xüsusi seçilmiş mövzulara dair peşəkar mütəxəssislərin apardığı mühazirələrdən bəhrələnərək, klinik müşahidələr zamanı rastlaşdıqları müxtəlif situasiyaları daha düzgün qiymətləndirə biləcəklər. Şöbə müdiri ikinci mərhələdə klinik fənlər üzrə mühazirələr oxunacağını və bu mühazirələrə xarici ekspertlərin də dəvət olunacağını deyib.
ATU-nun 80-ə yaxın universitetlə müqavilə bağladığını xatırladan professor bildirib ki, rezidentələr müqavilə çərçivəsində həmin universitetlərdə 3 ay və daha artıq müddətdə rotasiya keçmək hüququna malikdir. O, gənc mütəxəssisləri rezidentura təhsilinin təkmilləşdirilməsi üçün universitetdə yaradılan şəraitdən yararlanmağa, istənilən problemlə bağlı şöbəyə müraciət etməyə çağırıb.
Daha sonra İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Ağasəmid İsayevin “Limfa sisteminin anatomiyası” mövzusunda mühazirəsi dinlənilib.
Bu cür mühazirələrin bütün rezidentlər üçün böyük əhəmiyyət daşıdığını söyləyən professor bildirib ki, onlar indiyədək anatomiyadan müəyyən biliklər əldə ediblər:”Bu gün isə artıq klinik təbabətlə məşğuldurlar. Güclü nəzəri bazanın olmaması onların praktik fəaliyyətinə mənfi təsir göstərə bilər. Bunu nəzərə alan universitet rəhbərliyi belə qərara gəlib ki, gənc həkimlərimizə və rezidentlərimizə ayrı-ayrı mövzularda təkrar xarakterli mühazirələr oxunsun. Nəticədə rezidentlər vaxtilə öyrəndikləri nəzəri məlumatları bir daha yadlarına salaraq, gündəlik fəaliyyətdə tətbiq etmək imkanı qazanırlar”.
A.İsayevin sözlərinə görə, ilk mühazirənin limfa sisteminə həsr olunması da təsadüfi deyil: “Hal-hazırda limfalogiya və immunologiya çox böyük əhəmiyyətə malik sahələrdir. Son iki ildə iradəmizdən asılı olmayaraq həyatımıza nüfuz edən pandemiya bir daha göstərdi ki, bütün xəstəliklərin qarşısının alınmasında immun sisteminin əvəzolunmaz rolu var. Ona görə də ilk mühazirəmizi limfa sisteminə həsr etdik. Düşünürük ki, limfalogiyanın və onunla bağlı olan immun orqanlarının öyrənilməsi olduqca zəruridir”.
Professor A.İsayev növbəti həftələrdə kafedranın təcrübəli professorları və dosentləri tərəfindən ürək-damar, mərkəzi sinir və digər sistemlər, duyğu orqanları haqqında maraqlı mühazirələrin oxunacağını diqqətə çatdırıb.
|
|
11.01.2022 | 15:29 | |
|
|
|