Rektor imtahan sessiyasının gedişi ilə tanış olub | |
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ali təhsil ocağında davam edən payız semestrinin qış imtahan sessiyasının gedişini izləyib.
H.Məmmədov imtahan suallarına baxış keçirərək tələbələrlə söhbətləşib, onların fikirlərini dinləyib. Tələbələrin biliyinin obyektiv qiymətləndiriləcəyinə əminliyini vurğulayan rektor imtahanların mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb.
Universitetin rəhbəri imtahan sessiyasının gedişinə nəzarət etmək, daxil olan şikayətlərin dərhal araşdırılması, cavab kağızlarının kodlaşdırılması, həmçinin müəllimlər tərəfindən yoxlanılmasını icra etmək üçün formalaşan Qərargah və İşçi Qrupunun fəaliyyəti ilə də yaxından tanış olub.
Bildirilib ki, imtahan sessiyasının şəffaf və mövcud qaydalara əsasən keçirilməsi məqsədilə öncədən bütün texniki tədbirlər yüksək səviyyədə icra olunub. Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə bütün qiymətləndirmə məlumatları imtahana kimi sistemdə yerləşdirilib. Nəticələr imtahan keçirilən gün fənn müəllimləri tərəfindən dərhal elektron sistemə daxil edilir. İmtahan nəticələrindən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına müraciət etmələri üçün geniş imkanlar yaradılıb.
Qeyd edək ki, BMU-da fevralın 1-dək davam edəcək qış sessiyasında ümumilikdə 1273 imtahanın keçirilməsi nəzərdə tutulub.
|
|
10.01.2022 | 14:30 | |
|
|
|