BSU-da 3800 nəfərə yaxın tələbə imtahan verəcək

Bakı Slavyan Universitetində (BSU) payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Ali məktəbdən bildirilib ki, BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev imtahanlardan öncə tələbələrlə görüş keçirib. Görüşdə imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün tələbələrin fikir və təklifləri dinlənilib, onları maraqlandıran çoxsaylı suallar geniş və dolğun cavablandırılıb.

 

BSU-nun hər iki tədris binasında təklif və rəylər üçün şəffaf qutuların qoyulması imtahan sessiyasının ədalətli  keçirilməsinə xidmət edir.

 

İxtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq yazılı formada aparılan imtahanlarla yanaşı, şifahi imtahanlar da təşkil edilib. İmtahan  pandemiyanın tələblərinə uyğun şəkildə, sanitar-gigiyenik qaydalar gözlənilərək və sosial məsafə saxlanılaraq keçirilir.

 

Sessiyanın təşkilinə və gedişinə nəzarət məqsədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə təşkilatları, müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət İmtahan Qərargahı, fakültələrdə Apelyasiya komissiyaları yaradılıb.

 

İmtahan Qərargahının fəaliyyəti barədə rektorluğa müntəzəm məlumat verilir. Apelyasiya komissiyaları tərəfindən tələbələrin müraciəti daxil olduğu vaxtdan 1 gün müddətində fənni tədris edən mütəxəssislərin iştirakı ilə müraciətə baxılıb uyğun qərarın qəbul edilməsi nəzərdə tutulur.

 

Fevralın 1-dək keçiriləcək imtahan sessiyasında universitetin, ümumilikdə 3800 nəfərə yaxın tələbəsinin iştirakı nəzərdə tutulur. Hər bir imtahan üçün 3 akademik saat ayrılır, imtahanların nəticələri 2 gün ərzində tələbələrə elan edilir, nəticələr universitetin sosial şəbəkələrində yerləşdirilir.  

 

BSU-dan o da bildirilib ki, sessiya zamanı tələbə koronavirus infeksiyasına yoluxarsa, yaz tədris  semestri  başlayana kimi həmin tələbəyə qalan imtahanlarını vermək şəraiti yaradılacaq.

 



06.01.2022 | 16:12