İmtahan nəticələrinin LDU-nun rəsmi saytında operativ yerləşdirilməsi təmin ediləcək | |
Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına bu gündən start verilib.
Universitetdən bildirilib ki, LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə tədris korpuslarına baş çəkib, vəziyyətlə əyani tanış olub. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çağırıb. Tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan N.İbrahimov sessiyanın davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ hallara yol verən şəxslərin ciddi cəzalandırılacağını bildirib.
Qeyd edilib ki, imtahan nəticələrinin universitetin rəsmi saytında (www.lsu.edu.az) operativ yerləşdirilməsi təmin olunacaq.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektorun sədrlik etdiyi Operativ Qərargah yaradılıb, həmçinin Apelyasiya komissiyaları artıq fəaliyyət göstərir və bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
İmtahanlara hazırlığının səmərəli təşkili üçün yeni rekonstruksiya olunmuş Elmi kitabxanada müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarına verilib.
Qeyd olunub ki, 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün bu gündən fevralın 1-dək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 14-dək, V tədris ili qrupları üçün yanvarın 26-da başlayaraq fevralın 1-dək əyani keçiriləcək.
|
|
06.01.2022 | 14:05 | |
|
|
|