Yeni sosial islahatlar | |
Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sistemli həyata keçirilən sosial islahatlar hər zaman vətəndaşların rifahının qorunmasına, onların yaşayış səviyyəsinin yüksəlməsinə hədəflənir. Elə dövlət başçısının imzaladığı son sərəncam və fərmanlar da əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurlu davamını təmin edir və gələn ilin birinci ayından etibarən, vətəndaşlar əməkhaqları, pensiya və müavinətlərini yeni hesablanma ilə əldə edəcəklər.
İcra olunacaq sosial islahatlar paketinə nəzər yetirsək, burada miqyasın kifayət qədər böyük olduğunu görə bilərik.
Siyahıda, ilk növbədə, müavinət və təqaüdlər gəlir və əhalinin bütün təbəqələrini əhatə edir.
Diqqət edək:
Əlilliyə görə müavinətlər I dərəcə üzrə - 150 manatdan 220 manata, II dərəcə üzrə - 130 manatdan 180 manata, III dərəcə üzrə - 110 manatdan 120 manata çatdırılıb.
Son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin edilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60% artırılaraq 80 manata çatdırılıb.
Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar da bu yeniliklərdən faydalanacaqlar. Bu kateqoriyadan olan vətəndaşlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata qaldırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni fərmanla həmin təqaüd 60% artımla 50 manatdan 80 manata çatdırılıb.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək.
Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılıb.
Məlum olduğu kimi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluq fəaliyyəti mövcuddur. Dövlət onların da fəaliyyətini stimullaşdırıb. Qəyyumlara müavinət 100 manatdan 120 manata qaldırılıb.
Çoxuşaqlı ailələrə dəstək kimi 5-dən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət 55 manat deyil, 70 manat olacaq.
Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə 70 manat təşkil edəcək.
Yeni ildən olacaq artımlarda birdəfəlik müavinətlər də var. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb.
Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat, 2019-cu ilin aprelindən 100 manata qaldırılıb. Yeni fərmanla isə 2022-ci ilin əvvəlindən bu rəqəm 120 manat təşkil edəcək.
Fəxri adlara görə alınan təqaüdlərə gəldikdə, “Xalq” fəxri adına görə təqaüd 33,3% artaraq 180 manat, “Əməkdar” fəxri adına görə isə təqaüd 20% artaraq 120 manat olub.
132 min doktorant və tələbə də bu sosial dəstək paketindən faydalana biləcək. Onların təhsilə marağının stimullaşdırılması məqsədilə müavinət və təqaüd formasında olan sosial ödənişləri gələn ilin əvvəlindən artırılacaq.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün isə 90 manat təşkil edəcək.
Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata, “3”-“5” olan tələbələr üçün isə 60 manata çatdırılacaq.
Elmi və pedaqoji fəaliyyətlə məşğul olanlar da dövlətin sosial dəstək paketindən kənarda deyil. Belə ki, azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni fərmanla bu təqaüd elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılır. Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri 20% artırılır. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat təşkil edəcək.
Təhsil işçilərinin sosial müdafiəsinə gəldikdə, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədilə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılıb.
Əməkhaqları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırılıb. Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə, onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Qeyd edək ki, bu təşkilatlarda, ümumilikdə 4 min şəxs çalışır.
Minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri yeni sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.
Onu da qeyd edək ki, son üç ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Sonuncu artımla 250 manat olub, yeni sosial islahatla isə 300 manat təşkil edəcək. Bəllidir ki, minimum əməkhaqqı artımı əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.
Bütün bunlar sosial islahatların məzmun və statistikasının müəyyən bir hissəsini əhatə edir. Ümumi olaraq demək mümkündür ki, artım bütün sahələrə, kateqoriyalara aiddir; vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına xidmət edir; dövlətin etibarlı sosial müdafiə siyasətinin ön planda olmasından xəbər verir.
Nəzərə alsaq ki, bütün bu addımlar pandemiya ilə mübarizə şəraitində, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir vaxtda atılır, bu, o deməkdir ki, Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir; dövlət büdcəsinin sosialyönümlü olması siyasəti sabitdir; hər il büdcənin parlament müzakirələrində bu sahəyə olan artımlar dinamik xarakter daşıyır. Odur ki, sözügedən sosial islahatlar ilk olmadığı kimi, son da deyil.
|
|
30.12.2021 | 14:09 | |
|
|
|