ADNSU-da Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı “Mülki müdafiə və milli qurumların fövqəladə halların effektiv idarə olunmasında rolu” mövzusunda tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Mülki Müdafiə qərargahının rəisi Elşən Məmmədov bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarının öyrənilməsidir. Ümumdünya Mülki Müdafiə Gününün tarixindən və əhəmiyyətindən danışan Elşən Məmmədov bu günün dünyanın 50-dən çox ölkəsində qeyd edildiyini vurğulayıb.

 

Tədbir iştirakçılarını Mülki Müdafiə Günü münasibətilə təbrik edən ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev mülki müdafiə ilə bağlı tədbirlərin əhəmiyyətini qeyd edib və bu mövzuda professor-müəllim heyətinin və tələbələrin maarifləndirilməsinin zəruri olduğunu bildirib.

 

Ölkəmizdə son illər mülki müdafiə sahəsinə xüsusi diqqət yetirildiyini deyən "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri,  professor Sakit Rəsulov Azərbaycanın da 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olduğunu qeyd edib.

 

Sonda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqında film nümayiş olunub.



01.03.2018 | 18:00