"Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub. 


Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarət olub.


Ekskursiyalarda ölkənin 42 rayonundan olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, az təminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edib.


Layihə çərçivəsində təşkil olunan bir günlük ekskursiyalarda Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı, iki günlük ekskursiyalarda isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri cəlb olunub. 2 ay davam edən ekskursiyalarda ümumilikdə 14 000-ə yaxın məktəbli iştirak edib.


İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunub. 


Bundan əlavə, layihə çərçivəsində 300 məktəblinin "Nargis" jurnalının Port Baku Ticarət Mərkəzində təşkil olunan “Karabakh - Winter Wonderland” sərgisinə ziyarəti təmin edilib.

 



27.12.2021 | 18:17