Uğurun ünvanı: ideyadan layihəyə

Son illər təhsil sahəsində aparılan bir sıra məqsədyönlü islahatlar və onların uğurlu nəticələri müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, təşəbbüskarlığın artırılmasına, onlar arasında sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına münbit şərait yaratmışdır.  Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də bu baxımdan ölkəmizdə ümumi təhsil müəssisələrinin və müəllimlərin yaradıcı imkanlarının üzə çıxarılmasına və bütövlükdə təhsil sisteminin inkişafına xidmət edən uğurlu təşəbbüslərdən biri kimi mühüm əhəmiyyət kəsb etməkdədir. Bu il keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” də  ümumtəhsil müəssisələri və müəllimlərimizin bir sıra maraqlı layihələri ilə diqqəti cəlb edir.

 

“Gənc Robotexnikaçılar”

 

Məlumdur ki, yeni dövrün  təhsil sahəsində yaratdığı mühüm trendlərdən biri təhsilalanlarda kommunikasiya, komanda halında  işləmə, bacarıq və səriştələrə əsaslanan təlimin prinsiplərindən geniş istifadə, elmi-texnoloji yeniliklərdən bəhrələnməklə yeni  məhsullar yaratmaqdır. Bu mənada son illərdə robotexnika əsaslı təlimlər uşaqlar tərəfindən ən çox maraqla qarşılanan  istiqamətə çevrilib. Bərdə rayonundakı  Güloğlular kənd ümumi orta məktəbin müəllimi Mələk Hacıyevanın V qrant müsabiqəsində  fərdi kateqoriya üzrə qalib gəlmiş  “Gənc Robotexnikaçılar” layihəsi də öz aktuallığı və innovativliyi ilə seçilir. Layihənin əhəmiyyəti  barədə müəllif özü məlumat verir:

 

- Dünya dəyişir, yenilənir, yeni texnologiyalar yaranır. Bu texnologiyaların  istehsalçısına çevrilmək üçün də şagirdlərə kiçik yaşlardan müvafiq istiqamətdə biliklər vermək lazımdır. Dünya ölkələrinin  bu sahədə inkişafından  yararlanaraq gələcəyimiz olan şagirdlərimizi texnoloji sahələrə yönləndirmək vacibdir.  Gələcək ixtisasların statistikasına da diqqət yetirəndə robotlaşdırma ilə bağlı ixtisasların xüsusilə  ön planda olduğunu görürük. Məsələn, dron texnologiya mütəxəssisləri, nanotexnologiya, süni intellekt, mürəkkəb kodlaşdırma, robototexnika mühəndisləri, smart  layihələr və s. adlarını çəkə bilərik.

 

 

Hazırda STEAM təhsili tətbiq olunan məktəblərin  şagirdlərində  bu bacarıqlar formalaşır.  STEAM  tətbiq olunmayan məktəblərə dəstək üçün bu layihənin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd şagirdlərdə robotexnika bacarıqları formalaşdırmaq və qurğulardan istifadə etməklə robotlar yaratmaqdır. Şagirdlərimiz  ölkəmizdə ilk dəfə keçirilən STEAM Festivalında (SAF 2021) müxtəlif  kateqoriyalar üzrə  iştirak etdilər, ilk  5-liyə, 10-luğa düşdülər. Finala kimi yüksəlməyin özü də bir qabiliyyətdir. Bir qayda olaraq, bu cür yarışlarda məğlub olan olmur, bütün şagirdlər üçün bu festivallarda iştirak özü belə uğurdur.

 

Görülmüş işlərə gəlincə qeyd edim ki, layihə çərçivəsində 30 şagirdin iştirakı ilə 10 onlayn, 25 şagird  üçün əlavə 3 əyani təlim keçirilib. Təlim gedişində şagirdlər  STEAM metodologiyası, 3D Cad, Mikrobit, Dron, Lego, Robotic Car və s. qurğuların işləmə qaydaları ilə yaxından tanış olublar. 

 

“Ağıllı sinif”

 

V Qrant müsabiqəsinin diqqətçəkən qalib layihələrindən biri  də “Ağıllı  sinif”  adlanır.  Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin ingilis dili müəllimi Lalə Əbdürəhimova  fərdi kateqoriya üzrə qalib gəlmiş  “Ağıllı sinif” layihəsi barədə fikirlərini bölüşür: 

 

 - “Ağıllı sinif”  layihəsinin məqsədi Ağdaş şəhəri M. İsayev adına tam orta məktəbdə interneti, noutbuku, printeri, planşetləri, flipçart  və  markerləri, ağıllı lövhəsi, müasir diskli kitabları və s. inventarları olan müasir sinif yaratmaqdır.

 

Hədəflərimiz şagirdlərə ingilis dili dərslərinin müasir metodlarla, əyani vəsaitlərlə daha canlı və motivasiyaedici tərzdə keçilməsi, digər fənn müəllimlərinin də bu imkanlardan yararlanaraq öz dərslərini təşkil etmələrinə nail olmaqdır.

 

Layihə üçün ayrılmış 70% maliyyə vəsaitinin hamısına layihədə nəzərdə tutulmuş invertarlar - 15 planşet, 1 noutbuk, 1 printer, 1 proyektor alınıb sinfə yerləşdirilib, internet xətti çəkilib, təlimlər keçilib. Müəllimlər təlimlərdə maraqla və fəal iştirak edirlər.

 

Məlum olduğu kimi, hazırda ingilis dili qlobal dildir və bir növ dünyaya çıxışdır.  Bu dili öyrənmək sadə bir sinif şəraitində şagirdlər üçün çox çətindir. Bu layihə müasir texnologiyanın köməyilə şagirdlərdə ingilis dilini öyrənməyə həvəsin artırılmasını, onlara bu dili öyrənmək üçün internet saytlarından düzgün istifadə edə bilmə bacarıqlarının aşılanmasını nəzərdə tutur.  Lakin ən önəmlisi də layihənin yaratdığı imkanlardan müəllimlərin  bütün fənlərin keçilməsində yararlana bilmələridir.

 

 Layihənin yazılması motivasiyasına gəlincə, demək istəyirəm ki, bu tədris ili məktəblərimizdə Zəfər ili elan olunması ilə  yanaşı,  işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər”  layihələrinin icrasına başlanılıb.  “Ağıllı kənd”  və “Ağıllı şəhər”  mənim ağlıma belə bir ideya gətirdi. Mənə görə, Zəfər ilində işğaldan azad olunmuş torpaqlarımızda “Ağıllı kənd”in yaradılması ilə eyni dövrdə  məktəbimizdə “Ağıllı sinif”in yaradılması həqiqətən çox qürurverici və motivasiyaedici bir ideya idi. Layihəni hazırlayarkən ekspertimiz Yaqut Mustafayevanın ilk rəyi belə olmuşdu: “Adından məlumdur ki, bu layihə 100% qalib gələcək, onun qalib gəlməmək kimi bir şansı yoxdur”.

 

“Eksperimental Olimpiada”

 

Ölkəmizdə təhsilalanların erkən yaş dövrlərindən istedad və bacarıqlarının aşkar olunması və elmi tədqiqatçılığa stimullaşdırılması mühüm istiqamətlərdən biri kimi geniş vüsət almışdır. Artıq şagirdlərimizin həm yerli,  həm də beynəlxalq olimpiada və müsabiqələrdə uğurlu çıxışı ənənəvi xarakter daşıyır. Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin kimya müəllimi Elnur Nəbiyevin fərdi kateqoriyada qalib gəlmiş “Eksperimental Olimpiada” layihəsini bu sahədə görülmüş işlərə mühüm töhfələrdən hesab etmək olar.

 

- Gəncə şəhərində  şagirdlər arasında kimya fənninə maraq kifayət qədər yüksəkdir,  ancaq onları daha düzgün istiqamətləndirmək, hədəfə düzgün çatmaları zərurəti vardır.  Sevindirici haldır ki,  2019-2021-ci illərin fənn olimpiadalarında Gəncə şəhərində könüllülük prinsipi ilə ilk dəfə olaraq başladığımız 20 nəfərlik olimpiada hazırlıq qrupundan qızıl, gümüş, bürünc medallar qazanan şagirdlərimiz var. Ancaq bu işlərimizi daha geniş miqyasda təşkil etməyi, Gəncə şəhərindən  fərqli düşünən, istedadlı şagirdləri bir komanda kimi layihə ətrafinda birləşdirməklə daha planlı fəaliyyətlə nəticələr əldə etməyə ümid edirəm. Layihənin dərslərin praktiki keçirilməsi üçün laboratoriyamızda lazımi maddələrin əldə olunmasında bir təkanverici rolu olacaqdır. Lazımi kimya mühitinin təşkili  şagirdlərin gələcək beynəlxalq səviyyəli olimpiadalara daha yaxşı yetişməsinə imkan verəcək. Həmçinin kimya fənn olimpiadalarında yüksək uğur əldə etmiş şagirdlər aşağı sinif şagirdləri üçün motivasiya rolunu oynayacaq. 

 

Bütün bunlara görə də Gəncə şəhərində kimya fənninə marağı daha da artırmaq məqsədilə “Eksperimental Olimpiada” layihəsini hazırlamaq qərarına gəldim.

 

Layihədə təqribən 1,5 aylıq nəzəri bilik dərslərindən sonra, imtahandan uğurla keçmiş şagirdlərə praktik biliklərinin inkişaf etdirilməsi üçün laboratoriya dərslərinə start verdik.  Bu şagirdlərin arasında cari ilin beynəlxalq  və yerli olimpiada qalibləri də var. Şagirdlərimiz Gəncə Aliminium zavodunda da fiziki- kimyəvi analiz üsulları ilə geniş praktik təcrübə keçiblər, istehsalat prosesi ilə tanış olublar. Dərslər Gəncə Fizika-riyaziyyat, informatika təmayüllü liseyin laboratoriyasında davam edir.

 

Layihə nəticəsində şagirdlərdə praktik biliklərlə kimya elminə fərqli baxış formalaşacaq; kimya fənninə marağı olan şagirdlər üzə çıxarılacaq;  bu şagirdlər bir müddət sonra fənn olimpiadalarına cəlb olunacaqlar; gələcək beynəlxalq olimpiadalarda iştirak üçün xarici dildə kimya bilikləri inkişaf etdirilmiş olacaq, bir- biri ilə əlaqəsi olmayan məktəblilərin ictimai fəallığı artacaq, sosial inteqrasiyası genişlənəcək; məktəblərarası əlaqələr qurulacaq və hər məktəbdən seçdiyimiz şagird öz sinif yoldaşlarından ibarət qruplar quracaq, layihəmizin davamlılığı  nəzərə alınaraq bilik yarışları  və olimpiada tipli imtahanlar keçiriləcək.

 

“Quizizz Azərbaycan”

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalib gəlmiş layihələrindən biri də “Quizizz Azərbaycan” layihəsidir. Layihənin müəllifi, Xətai rayonundakı 171 nömrəli tam orta məktəbin tarix müəllimi Nərmin Səmədova mövzunun aktuallığı barədə fikirlərini bölüşür:

 

-Bu gün  ümumtəhsil müəssisələrində məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı bəzi problemlərin həlli vacib məsələdir. Müəllimlər arasında keçirilən sorğunun nəticələrini də əsas götürərək bildirmək olar ki, bir dərs müddətində bütün sinfin qiymətləndirilməsi çətin məsələdir.  “Quizizz Azərbaycan” layihəsi müəllimləri daha effektiv olan “Quizizz” platforması ilə tanış edir ki, daha az vaxtda imtahanlar hazırlamaqda, imtahan nəticələrini daha tez paylaşmaqda, digər müəllim həmkarların test nümunələrindən, dərslərindən istifadə etməklə, şagird nailiyyətlərinin daimi monitorinqini izləməkdə və valideynlərlə, maraqlı tərəflərlə paylaşılmasında mühüm rol oynayır. Həmçinin kağız israfının qarşısının alınmasında və qiymətləndirmənin interaktiv, şagirdin maraq və tələbatına uyğun şəkildə qurulmasını təmin edir. Dünya təcrübəsi də göstərir ki, məktəb sənədlərinin texnoloji alətdə toplanması, şagirdlərin inkişaf dinamikasının müntəzəm olaraq izlənməsinə, istənilən zaman opponentlərə ötürülməsi  çox böyük üstünlük və vaxta qənaətdir.

 

Layihənin icrası 4 ay müddətinə nəzərdə tutulub və oktyabrın 1-dən start götürüb. Məktəbdaxili qiymətləndirmənin səmərəliliyini artırmaq məqsədilə “Quizizz” platformasını Azərbaycan müəlliminə təbliğ etmək üçün Xətai rayonu ərazisində yerləşən orta məktəblərlə əlaqələr qurulub. Müəllimlərlə onlayn  təlimlər təşkil edilib. Platformaya şirkət tərəfindən Azərbaycan dilinin əlavə edilməsinə nail olduğumuza görə öz dilimizdə istifadəsi üçün heç bir problem qalmamışdır. Saytın lokalizasiyası üçün quizizz.az  domeni də fəaliyyət göstərir ki, bununla əsas platformaya keçid mümkündür. Bu layihə gələcəkdə məktəblərə  qiymətləndirmənin elektronlaşdırılması üçün şərait yaradır və sənədləşmənin qısa vaxtda həll olunmasına kömək edir.

 

Oruc MUSTAFAYEV

 



24.12.2021 | 12:06