Təhsil İnstitutunun 90 illik yubiley hesabatı

Bu günlərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) 90 illik yubileyi qeyd edilib. Bu münasibətlə təşkil edilən hesabat tədbirində təhsil naziri Emin Əmrullayev də iştirak edib.

 

ARTİ təhsil islahatlarının tam mərkəzindədir

 

“90 il bundan öncə yaransa da, təhsil islahatlarının başında dayanan ARTİ qlobal trendlərə, ölkədə gedən proseslərə uyğun olaraq dəyişikliklərin məzmununu, əhəmiyyətini  vaxtında anlaya bilib və fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qura bilib. Təhsil İnstitutu gündəlik işlərlə yanaşı, gələcəyə yönələn layihələr həyata keçirib, yeni imkanları araşdırıb”.

 

Bunu ARTİ-nin direktoru Rüfət Əzizov öz hesabat nitqində deyib. O, rəhbərlik etdiyi qurumun bu 90 il ərzində qazandığı təcrübə sayəsində artıq milli səviyyədə təhsil islahatlarında rolu olduğunu vurğulayıb: “ARTİ-nin artıq layihə icra etmək qabiliyyəti formalaşıb. Bunun nəticəsidir ki, milli səviyyədə təhsil islahatlarında rolu olan böyük miqyaslı layihələr icra edə bilir”.

 

R.Əzizovun fikrincə, ARTİ tarixin müxtəlif dövrlərində özünü yeniləyə bilib və bu gün də öz layihələri, islahatyönümlü nailiyyətləri ilə aktuallığını itirməyib.

 

ARTİ hər zaman Azərbaycanda pedaqoji fikrin formalaşmasında, inkişafında çox vacib rol oynayıb və ölkədə son illərdə baş verən təhsil islahatlarının tam mərkəzindədir. İnstitut cari işlərlə yanaşı, həm də gələcəyə yönəlik yeni çağırışların və yeni imkanların axtarışındadır: “Təhsil İnstitutunun hazırladığı ehtiyat dərsliklər layihəsi, həyata keçirilən islahatlardan biri olan müəllimlərin işə qəbulu prosesində iştirakçılığı öz miqyasına görə kifayət qədər böyükdür. İnstitutun böyük layihələrindən biri də STEAM-dır. 25 mindən artıq müəllim təlimdən keçirilib və paytaxtdan uzaq rayonlarımızda belə şagirdlər STEAM-ın nə olduğunu bilir, STEAM laboratoriyaları fəaliyyət göstərir, STEAM metodologiyasına rast gəlinir”.

 

R.Əzizovun fikrincə, şagirdlərin davamlı olaraq beynəlxalq qiymətləndirilmədə iştirakının təmin edilməsi təhsildə ümumi nəticələrə müsbət təsir göstərib. O, ölkəmizdə olimpiadaların nüfuz qazanmasında, iştirakın əlçatan olmasında da Təhsil İnstitutunun böyük rolunu qeyd edib. 

 

Həyata keçirilən layihələrin geniş miqyasından bəhs edən institut direktoru ARTİ-nin gələcək planlarını açıqlayıb. Bu planlar arasında elm və innovasiya yönümlü potensialı artırmaq da var. İnstitut təhsilin müxtəlif pillələrində tədqiqat və təlimatlarını bölüşməli, ayrı-ayrı sahələrdə gedən proseslərin əsaslandırılmasında vacib rol oynamalıdır.

 

Təhsil İnstitutunun ətrafında müxtəlif peşəkar ictimai şuraların yaradılması zərurətindən də danışan direktor hesab edir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bundan yaxşı şərait ola bilməz.

 

“İstənilən inkişafın kökündə elm, tədqiqat durmalıdır”

 

Təhsil naziri Emin Əmrullayev ARTİ-nin rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edib. Nazir çıxışında ARTİ-nin Azərbaycanın təhsil sistemindəki mühüm rolundan və gördüyü işlərdən bəhs edib. ARTİ-də təhsil nöqteyi-nəzərindən əsaslı şəkildə irəliyə doğru addımlar atıldığını, bu səbəbdən institutun uzunmüddətli təhsil təcrübəsi olan əməkdaşlarından bu dinamikanın öyrənilməsini, onların həyat təcrübələrinin dinlənilməsini, baş vermiş hadisələri, bu dövrdəki yanaşmaların vacibliyini vurğulayıb. 

 

Təhsil İnstitutunun fəaliyyətinin əsasında tədqiqat dayandığını vurğulayan nazir deyib: “İstənilən inkişafın kökündə elm, tədqiqat durmalıdır. Qərarları tədqiqatlara əsaslanıb verməliyik”.

 

Ən doğru qərarların məhz müzakirə əsasında verilənlər olduğunu xatırladan E.Əmrullayev təhsil sahəsində məhz müzakirə olunaraq, elmi-tədqiqata əsaslanan qərarların verilməsi üçün Təhsil İnstitutunun üzərinə böyük iş düşdüyünü qeyd edib: “Təhsil İnstitutu həm mənəvi, həm də qanunvericiliklə Azərbaycan cəmiyyəti üçün uyğun müzakirə platforması ola bilər. Düzgün suallar qoyub həmin suallar ətrafında doğru müzakirələr aparsaq, təhsil sisteminin daha sürətli inkişafına nail ola bilərik”.

 

ARTİ-nin layihələrindən də geniş danışan E.Əmrullayev bildirib ki, burada uğurlu məqam pilot layihələrin maraqlı olması, müsbət nəticəsidir. Ancaq onların sistemə transformasiyası,  sistemdə faydasını təmin etməsi qarşıda duran vacib suallardandır. 

 

Yaranma tarixi, inkişaf yolu

 

ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək institutun yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. 2000-ci ildən sonra aparılan struktur dəyişikliklərinə, əlavə olunan funksiyalarına və ildən-ilə böyüməyinə diqqət çəkib. Təhsil İnstitutunun ən maraqlı, ən sensasion dövrlərinə toxunaraq müəssisənin fəaliyyətində ən maraqlı faktlara nəzər salıb.

 

 ARTİ-nin həyata keçirdiyi müasir təhsil islahatları barədə danışan institutun direktor müavini Ülkər Babayeva ümumi təhsildə məzmun, tədris resursları, qiymətləndirmə tədqiqatları, inklüziv təhsil, olimpiadalar, müxtəlif yerli və beynəlxalq partnyorlarla birgə icra edilən layihələr, məktəbəqədər təhsil, “STEAM Azərbaycan” və “İcmaəsaslı məktəbəqədər təhsil” layihələri, təhsil işçilərinin peşəkar inkişafı, metodik dəstək, MİQ imtahanları, strateji təhsil tədqiqatları, elmi-pedaqoji kadrların hazırlığı, ATM-lərə dəstək, ARTİ-nin nəzdində yaradılmış “Sabah.lab” Akselerasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

 

Sonda ARTİ-nin əməkdaşlarına dövlət təltifləri və fəxri fərmanlar təqdim olunub.

 

Yubiley tədbirində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub.

 

Ruhiyyə DAŞSALAHLI

 



24.12.2021 | 10:17