Fransa Universitetinin müəllimi ADNSU-da tədrisə cəlb edilib

Burqon-Franş-Komte Fransa Universitetinin azərbaycanlı alimi, dosent Elmar Yusifli və universitetin digər alimləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədrisə cəlb olunublar.

 

ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) Cihaz mühəndisliyi kafedrasında Biotibbi texnologiya mühəndisliyi` ixtisası üzrə onlayn mühazirələr aparan E.Yusifli dərsləri FPGA (Field-Programmable Gate Array), yəni İstifadəçi Tərəfindən Proqramlaşdırıla bilən Məntiqi Massivlər elektron blokları vasitəsilə keçir.

 

O, kafedrada həm bakalavr, həm də magistratura səviyyəsində ingilis dilində məsafədən mühazirələr aparır. Burada FPGA vasitəsilə rəqəmsal elektronika əsaslı ölçmə sistemləri daha dərindən öyrənilir və onların komponentləri magistrantlar tərəfindən daha praktik formada araşdırılaraq tətbiqi məsələlərə xüsusi əhəmiyyət verilir. Dərslər sinxron olaraq, həmin dərsin məşğələ və laboratoriyalarında aparılır.

 

Bunlarla yanaşı, ixtisasın aralıq imtahanları da Moodle platformasında onlayn və əyani formada açıq, test suallarının hibrid formasında təşkil edilib. Universitetlər arasındakı əməkdaşlığın sayəsində kafedranın bir tələbəsinin istehsalat təcrübəsinin bu universitetdə keçirilməsinə də nail olunub. 

 

Qeyd edək ki müasir üsulda FPGA ilə aparılan dərslər tibbi elektronika və kompüterli informasiya ölçmə sistemlərindəki yeniliklərin daha sürətli araşdırılması və tələbələr tərəfindən daha dərindən öyrənilməsi məqsədi daşıyır. Belə ki, FPGA-lar müasir dünyada insan həyatına xidmət edən və həkimlərin, bioloqların işlərini asanlaşdıran biotibbi cihazların əsas parçası olub, interfeys tərəfindən proqramlaşdırıla bilən məntiq elementlərindən ibarət olan çiplərdir. Onlardan istifadə etməklə elektronikanın əsaslarından tutmuş, kompleks avtomatlaşdırma sistemlərinə kimi əyani şəkildə effektiv təhsil keçməklə tələbələrdə praktik elm olan elektronikayla bağlı bütün anlayışları nəticəli və tez bir zamanda reallaşdırmaq mümkündür.

 



23.12.2021 | 15:18