Dekabrın 22-də Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində Azərbaycan və Slovakiya Mədəniyyət festivalı keçirilib.
Festivalda təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, MOK-un yeni seçilən vitse-prezidenti Zemfira Meftaxetdinova iştirak edib.
İştirakçılar əvvəlcə Y. Kovalyov adına 229 nömrəli məktəbin şəhid məzunlarına həsr edilən xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Festival zamanı Bakı-2019 Olimpiya Festivalına həsr edilən videoçarx nümayiş edilib.
Festivalın bədii hissəsində yuxarıda qeyd edilən məktəbin şagirdlərinin ifasında hər iki xalqın mədəni irsini özünü ehtiva edən xüsusi performanslar nümayiş etdirilib. Həmçinin, məktəbin uğurlu idmançı şagirdlərinin təqdimatı, Slovakiya mətbəxinin ləziz təamları ilə tanışlıq, “Xarı bülbül”, slovak, yallı rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar və Milad bayramına özəl səhnələşdirilmiş musiqili-bədii kompozisiya qonaqların marağına səbəb olub.
|