Azərbaycan dostluq və etibarlı əməkdaşlıq körpüsüdür | |
Prezident İlham Əliyevin Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə bir sıra vacib məsələlərə Azərbaycan dövlətinin mövqeyi əhatəli və dəqiq şəkildə ifadə edilib.
İlk olaraq Avropa İttifaqı platformasında sülh və sabitlik üzrə birgə işləmək modelinin aktuallaşmasından başlayaq. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tam bərqərar olmasında Avropa İttifaqının təşəbbüslərini dəstəklədiyini bəyan edib. Azərbaycan hesab edir ki, Ermənistanla münasibətlərinin normallaşmasında Avropa İttifaqının səyləri ilə yeni səhifə açılıb və bu prosesin yaxşı bir dinamizmi olacaq.
Məlumdur ki, kommunikasiyaların açılmasında Azərbaycan üzərinə düşən vəzifələri zamanında və dəqiqliklə yerinə yetirir, faktiki olaraq nəqliyyat infrastrukturunun qurulması üçün işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olacaq. Qalır, Ermənistanın öz üzərinə düşən işləri görməsinə, buna uyğun olaraq addımlarını inamla atacaqsa, Brüsseldə verilən sözü tutacaqsa, təbii ki, Avropa İttifaqının yeni təşəbbüslərinə də şans açıq olacaq.
Prezident İlham Əliyev beynəlxalq mediaya Azərbaycanın Avropa İttifaqı ilə razılaşmadığı məqamları da anladıb. Bu, ayrılan maliyyə yardımlarındakı qeyri-bərabərliklə bağlıdır. İtaliyalı jurnalistin Avropa İttifaqının bu yaxınlarda 2 milyarda yaxın dollarla Ermənistana və Ukraynaya dəstək paketi, yardım ayıracağı ilə müqayisədə Azərbaycana veriləcək 140 milyon avro arasındakı çox böyük fərqi vurğulaması doğru müşahidə idi və o demək idi ki, bu məqamdakı ədalətsizliyi xaricdə də qəbul edənlər var. Prezident İlham Əliyev xarici müxbirin sualına düzəliş edərək rəqəmin 2.6 milyard dollar olduğuna diqqət çəkdi və bu həcmlə 140 milyon arasında təqribən 20 dəfə olan fərqi böyük ədalətsizlik adlandırdı.
Bəs, ədalətsizlik nədədir?
Sadə məntiqlə düşünəndə, xarici maliyyə yardımı əziyyət çəkən tərəfə verilməlidir, əhalinin statistikası nəzərə alınmalıdır. Azərbaycanın əhalisi 10 milyon, Ermənistanın isə 2 milyon təşkil edir. Ermənistan işğala məruz qalan yox, işğal edən dövlət olub. Təkcə işğal etməyib, torpaqlarımızda böyük miqyaslı dağıntılar törədib. Yəni, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edib. Bu torpaqlarda heç bir həyat əlaməti saxlamayıb. Sərvətlərimizi daşıyıb, satıb. Bu ərazilərdə böyük quruculuq, tikinti işləri görülməlidirmi? Təbii ki, görülməlidir! Əslində kimə çox vəsait ayrılmalıdır sualının məntiqli cavabı da elə buradadır!
Avropa isə maliyyə paketini işğaldan əziyyət çəkmişə deyil, işğal edənə, ərazisində heç bir dağıntı olmayan Ermənistana vermək fikrindədir. Üstəlik, Azərbaycanın minalar problemi ilə mürəkkəb bir mübarizəsi var, amma bunu isə görmək istəmirlər. Ermənistan ərazilərimizdə 1 milyona yaxın mina basdırıb. Bu minaları təmizləmək maliyyə vəsaiti, texniki dəstək tələb edir. Minaların zərərsizləşdirilməsində Azərbaycanın yanında bu gün yalnız Türkiyədir. Bu, həqiqətdir ki, böyük bir ərazini qısa zaman ərzində, fiziki baxımdan təmizləyib başa çatdırmaq mümkün deyil. Bizim üçün isə burada zaman məsələsi önəmlidir, problemin tez bir zamanda aradan qalxması prinsipial xaraktet daşıyır. Çünki soydaşlarımız tezliklə öz yurdlarına qayıtmalıdır.
Verilən müqayisədə Ermənistan üçün ayrılacaq 2,6 milyardlıq dəstək paketi həddindən artıq böyük vəsaitdir, hara xərclənəcəyi sual doğurmalıdır. Odur ki, Azərbaycan bu yanaşmada ədalətlilik istəməkdə haqlıdır! Azərbaycan fikirlərini ünvanına açıq deməkdən də çəkinmir: Ayrılan vəsaitin, maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır!
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel yayda Azərbaycanda olarkən, bu məqam onun diqqətinə çatdırılıb, üstəlik, Brüsseldə məsələnin üzərinə təkrar gəlinib. Prezident İlham Əliyev konkret təklif irəli sürüb: Avropa Komissiyasının özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesi maliyyələşdirilsin, maliyyə birbaşa minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə ayrılsın, onlar Azərbaycana gəlib, bu işlərlə məşğul olsunlar.
Prezident İlham Əliyev Azərbaycana yönəlik ittihamları qətiyyətlə rədd edib, ikili standartları önə çəkib. O ikili standartları ki, Azərbaycanda azad internet, azad söz olduğu halda, siyasi partiyaların fəaliyyətinə normal imkanlar yaradıldığı halda Azərbaycanla bağlı şər, böhtan hesabatlar hazırlamaq, Ermənistana gəldikdə isə, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir, əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb, repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlar ola-ola, beynəlxalq aləm Ermənistanı öz çətiri altında qorumağa çalışır. Bu ikili standartlar dünyanın ədalətli, demokratik, hüquqsevər imicinə zərbə vurur. Brüsseldə Azərbaycanın enerji strategiyası da beynəlxalq medianı maraqlandıran suallar kimi önə çıxdı. Prezident Azərbaycanın konkret qaz strategiyasını çox aydın və açıq ifadə etdi. Bu danılmazdır ki, Azərbaycan artıq Avropanın qaz təchizatçısı kimi çıxış edir. Azərbaycan texniki baxımdan çox mürəkkəb, çox bahalı layihə olan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürdü, tərəfdaşlarla birgə işlədi, istehlakçılarla müqavilələr imzaladı, Azərbaycan qazı müqavilə əsasında alındı və qiymətlə bağlı, qaz böhranı zamanı istehlakçılar heç bir dəyişiklik hiss etmədilər. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz edildi. Gələn il bu, 9 milyard, 2023-cü ildə isə azı 11 milyard kubmetr olacaq.
Azərbaycanın gələcək planları nədən ibarətdir?
Təbii ki, hasilatı və ixracı artırmaqdan.
Bunun üçün resurslar varmı?
Sözsüz ki, Azərbaycan nəhəng qaz yataqlarına sahibdir, üstəlik, müasir infrastrukturu da var. Yeni investisiya proqramları və istehlakçılarla bağlanmış müqavilələrlə hasilatın artırılması mümkün ola bilər. Söhbət Balkanlara, hətta Mərkəzi Avropaya qazın təchizatından gedə bilər ki, Azərbaycan bu şaxələndirməyə hazırdır.
Bəlli ki, enerji bazarında olmaq ölkəmiz üçün böyük üstünlükdür, neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac etməklə iqtisadiyyatımıza çoxlu maliyyə qazandırırıq. Azərbaycanın nefti və qazı üçün bazarlar var, kənd təsərrüfatı məhsullarına gəlincə, burada bazar məhduddur. Ölkəmiz öz məhsullarını əsasən, Rusiya və Türkiyəyə ixrac edir. Statistikaya görə, bu il qeyri-enerji layihələrinin ixracı 45 faiz artıb. Energetikaya aid olmayan sənayemiz 20 faiz artıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı var. Burada kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng imkanlarını nəzərə alsaq, gələcəkdə neft və qazdan asılılıq xeyli azala bilər. Azərbaycan hazırda bu yöndə də fəal çalışır.
Bu gün dünya Azərbaycanın Asiyada çox önəmli strateji mövqe tutmasını, Çindən Avropaya qədər sanki bir kommersiya, nəqliyyat habına çevrilmək imkanlarını maraqla izləyir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Azərbaycanda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanından biri - Füzuli Beynəlxalq Hava limanının açılışı olub, iki hava limanının da açılışı olacaq. Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Hələ müasir magistral yollarını da deməliyik - bütün bunlar inanılmaz həqiqətlərdir!
Hazırda nəhəng layihə olan Zəngəzur dəhlizinin açılması gündəmdədir. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut deməkdir. Üstəgəl, Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal iş gedir. Bu zona gələn il fəaliyyətdə olacaq. Bu coğrafi mövqe, şaxələnmiş nəqliyyat şəbəkəsi investorların cəlbinə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq. Bu, iqtisadiyyatın şaxələndirilməsində bir vasitə olmaqla, həm də regional sabitliyin əldə olunmasına təsir göstərə bilər, yəni, sülhə nail olmağın bir yolu da budur! Çünki Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı yaranacaq. Onun Rusiya ilə, İranla dəmir yolu əlaqəsi mövcud olacaq.
Azərbaycanın xarici media vasitəsilə dünyaya çatdırmaq istədiyi mesaj budur ki, ölkəmiz coğrafi mövqeyinə görə həm də bir dostluq, etibarlı əməkdaşlıq körpüsüdür. Azərbaycanın adı ilə təməlləşən bütün layihələrdə uduzan heç bir tərəf yoxdur.
Vəfa ALLAHVERDİYEVA
|
|
22.12.2021 | 12:35 | |
|
|
|