Çağırışaqədərki hazırlıq rəhbərlərinə mentor xidməti

Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin nəticələrinə əsasən fərdi kateqoriya üzrə qalib layihələrdən biri “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsidir. Layihənin rəhbəri Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan baş leytenant Vasif Ramazanovdur. Layihənin məqsədi Sumqayıt şəhərinin GÇH rəhbərlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün  geniş spektrli pedaqoji  mentor dəstəyinin təmin edilməsidir. Layihənin vəzifələri olaraq aşağıdakılar müəyyən edilib:

 

-GÇH fənni üzrə metodik vəsait hazırlamaq;

-GÇH mentor saytı dəstəyini təmin etmək;

-Qabaqcıl təlim-tədris  təcrübələrini bölüşmək və yaymaq;

-Yeni təhsil proqramı, peşəkar ixtisasartırma və İKT təlimləri;

-GÇH rəhbərlərinin təlim-tədris prosesini müasir tələblərə uyğun qurması ilə təhsilalanların fənnə marağının yüksəldilməsi;

-GÇH  rəhbərlərinin ictimai nüfuzunun artmasına nail olmaq.

 

Layihə iyunun 20-dən sentyabrın 20-dək Sumqayıt şəhərində icra olunacaq. Layihənin icra planına uyğun olaraq, GÇH rəhbərləri üçün layihədə nəzərdə tutulan yeni təhsil proqramı, peşəkar ixtisasartırma və İKT üzrə təlimlər 20 iyun-3 iyul 2018-ci il tarixdə uğurla həyata keçirilib.

 

Hazırda  metodiki vəsaitin və mentor dəstəyi saytının  hazırlanması üzərində iş gedir. İyulun 10-dan etibarən respublika üzrə GÇH rəhbərləri üçün onlayn müsabiqə elan olunub. Müsabiqənin şərtləri və  layihənin gedişi barədə məlumatlar layihənin saytında (www.gchmentor.com) və facebook sosial səhifəsində (www.facebook.com/groups/509140832561252/) yer alacaq. 

 

Layihənin yekun tədbiri respublikanın qabaqcıl GÇH rəhbərlərinin iştirakı ilə sentyabrın 4-də Sumqayıt şəhərində keçiriləcək



22.07.2018 | 10:34