Təhsil Nazirliyinin brifinqi keçirilib

Dekabrın 21-də ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə dair 20 dekabr 2021-ci il tarixli sərəncamları ilə bağlı Təhsil Nazirliyinin brifinqi keçirilib.


Brifinqdə Emin Əmrullayev bildirib ki, təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsi müstəsna rol oynayır. Nazir son illərdş ölkəmizdə sözügedən təhsil formasının əhatəliliyinin artırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Məktəbəqədər təhsil istiqamətində qarşıda duran hədəflərə toxunan Emin Əmrullayev bildirib ki, bu təhsil müəssisələrinin səmərəliliyinin artırılması, uşaqların bu müəssisələrdə düzgün təlim-tərbiyə prosesinə cəlbi və qayğı ilə əhatə olunması vacib komponentlərdən biridir.


Daha sonra regional təhsil idarələrinin yaradılması ilə bağlı sərəncamdan danışan təhsil naziri media nümayəndələrinin diqqətinə çatdırıb ki, regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil. Nazirin sözlərinə görə, sərəncama əsasən, hər rayonda təhsili idarə edən qurumlar olacaq və onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək. Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.


Daha sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 



21.12.2021 | 14:15