Qurumlararası kommunikasiyaya dair görüş

Dekabrın 16-da Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair görüş keçirilib. 


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə görüşü giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, onların hər birinə 2021-ci təqvim ilində səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Billurə Hacızadə bildirib ki, Təhsil Nazirliyi və onun qurumları, eləcə də layihələrlə kommunikasiya işinin effektiv təşkili, layihələrarası əməkdaşlığın təşviqi və birgə işin genişləndirilməsi görüşün əsas məqsədlərindəndir. 

 

Daha sonra çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov 2021-ci ildə nazirlik və tabe qurumlar arasında mövcud kommunikasiya fəaliyyətinə toxunub və əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Nazirin müşaviri təhsil siyasətinin həyata keçirilməsində qəbul edilən qərarların, yeniliklərin məqsəd və əhəmiyyətinin müvafiq kommunikasiya platformaları vasitəsilə ictimaiyyətə  operativ və dolğun çatdırılmasının önəmini qeyd edib.  Həmçinin 2022-ci ildə informasiyaya əlçatanlığın təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə sosial mediadan istifadənin daha da artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb.


İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz növbəsində Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair təqdimat edib. Təqdimatda qurumların fəaliyyətinin ictimaiyyətə vaxtında və əhatəli çatdırılması, 2022-ci il üçün kommunikasiya sənədinin hazırlanması kimi istiqamətlərə toxunan Cəsarət Valehov nazirlik və tabe qurumlar arasında  birgə fəaliyyəti qənaətbəxş qiymətləndirib.


Təhsil Nazirliyinin sosial media səhifələri üzrə bəyənilmə və izləyici sayı barədə məlumat verən sektor müdiri bildirib ki, hazırda nazirliyin “Facebook” səhifəsinin bəyənilmə sayı 157 230, izləyici sayı isə 187 309-dur. “Instagram” üzrə izləyici sayı 79 100, “Twitter” üzrə oxucu sayı 11 845, “Telegram”da abunəçi sayı 17 605, “Linkedin”də izləyici sayı 2 496, “Youtube” da isə abunəçi sayı 109 000-dir.


Tədbirdə növbəti ilə dair gözləntilərdən danışılıb, nazirliyin və tabe qurumların media resurslarından istifadə imkanları dəyərləndirilib və əsas hədəflər qeyd olunub.


Görüş müzakirələrlə davam etdirilib.       


Görüşün sonunda layihələr üzrə növbəti il üçün kommunikasiya sənədinin hazırlanması, vətəndaş məmnunluğunun artırılmasına dair tövsiyələr diqqətə çatdırılıb və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb. 
 



16.12.2021 | 16:05