“Müəllim üçün metodik vəsait” kurikulumun açarıdır | |
Hörmətli redaksiya! Mən “Azərbaycan müəllimi” qəzetinin 22.12.2017-ci il tarixli 49-cu nömrəsində “Kurikulum uğura aparan yoldur” mövzusunda məqaləmdə “Müəllim üçün metodik vəsait”in dəyərini vurğulamış və onun müəllimin fəaliyyətindəki vacib məqamları özündə əks etdirdiyini qeyd etmişdim. Lakin məktəblərdə aparılan təhlillər göstərir ki, bu gün müəllimlərin əksəriyyəti kurikulumun tətbiqinə laqeyd yanaşır, ənənəvi dərsə üstünlük verir, məktəb rəhbərləri isə bu işlərə tam nəzarət etmirlər. Fikrimcə, bu sahədə indiki vəziyyət hətta kurikulumun tətbiq olunduğu ilk illərdəkindən də aşağı səviyyədədir. Bəs, səbəb nədir? Bəlkə, rəhbərlər və ya öyrədənlər az əməkhaqqı alırlar? Bəlkə, İKT ilə təminatları zəifdir? Bəlkə, onlara qarşı tələbkarlıq azalıb?
Bu bəlkələrin sayını artırmaq da olar.
Məlumdur ki, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsindən sonra müəllimin də, məktəb rəhbərlərinin də əməkhaqqı son 30-40 il ərzində ən yüksək miqdarda artırılıb. Bu gün bir bölgədə müəllim sərf etdiyi əməyə, bilik və bacarığına, düşdüyü mühitə və dərs saatlarının miqdarına uyğun olaraq 300-450-750 manat arasında maaş alır. Məktəb rəhbərlərinin əməkhaqqı 500 manatdan aşağı deyil.
İKT ilə təminatın ildən-ilə yaxşılaşdığı da göz qabağındadır. Nootbuk, proyektor, elektron lövhə ilə bəzi məktəblərin təminatı əvvəlkindən qat-qat yüksəkdir.
Lakin tələbkarlığın artdığını desək, özümüzü aldatmış olarıq. Məktəblərdə humanıst-demokratik bir mühit formalaşıb. Bu da təhsilalana da, təhsilverənə də sərbəstlik verib. Məncə, bu mühitdən sui-istifadə edənlərin sayı artıb.
Əvvəlki yazımda da qeyd etmişdim ki, kurikulumu (yeni proqramı) köhnə proqramdan fərqləndirən əsas cəhətlərdən biri burada müəllimə köməkçi vəsaitin hazırlanmasıdır. Həmin vəsaitdəki tövsiyələrə əməl olunmursa, deməli, kurikulumun tətbiqi istənilən səviyyədə olmayacaq. Gəlin özümüzə belə bir sual verək:
- Bu gün müəllimlərin hamısı metodik vəsaitdən istifadə edirmi?
- Məncə, xeyr. Hətta, mən deyərdim, böyük əksəriyyəti bu vəsaitə əhəmiyyət vermir. Çünki vəsaitlə işləmək çox zəhmət tələb edir.
Təsəvvür edin, bütün müəllimlər 10 günlük kurikulum təlimlərindən keçib, imtahan verib sertifikat alıb. Nəticə isə istənilən səviyyədə deyil. Bəs kimdir günahkar? Təlimçi? Məktəb direktoru? Ya müəllim?
Ədalət naminə deyək ki, həmin qısa müddət ərzində nələri öyrətmək mümkün idisə təlimçilər onu öyrədirdilər.
Məktəb rəhbərləri bilmədiklərini necə tələb edə bilər? Əvvəl kurikulumu məktəbi idarə edənlərə, sonra isə müəllimlərə öyrətməli idik. Biz əksinə elədik.
Tutaq ki, məktəb rəhbəri də düzgün seçilməyib, tələbkarlığı zəifdir, nəyi necə izah etməyi bilmir.
Bəs, müəllim? Bəs onun vicdanı? Mənim şəxsi fəlsəfəmə görə vicdan hər bir insanın qəlbində Allahın səsidir. Bu səsi dinləyib hərəkət etməliyik.
Bəzi müəllimlər kurikulum təlimlərində öyrəndiklərini nə tez unutdu?
Fənn üzrə məzmun xətlərini, standartları, təlim məqsədlərini bilməyən müəllimin kurikulumla fəaliyyəti dənizdə yelkənsiz gəminin hərəkətinə bənzəyir.
“Metodik vəsait”də müəllimə qruplar üzrə iş tövsiyə olunur. Müəllim aparmır. Şagirddən soruşursan: - Sonuncu dəfə nə vaxt qruplar üzrə işləmisiniz? - Qrupunuzun adı nə idi?
Cavab yoxdur. Belə faktların sayını artırmaq olar.
Bir sözlə, bəzi müəllimlər gündəlik dərs zamanı vəsaitdə göstərilən sualları, tapşırıqları şagirdlərə çatdırmır, onların üzərində iş aparmır.
Görünür, biz kurikulumun tətbiqi anlayışını, xüsusən, “tətbiq” sözünün leksik mənasını belə, düzgün aşılaya bilməmişik.
Bu sahədə məktəb rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar metodik vəsaitdə göstərilənlərin tətbiqinə ciddi nəzarət etməli, dərs dinləyərkən metodik vəsaitlə tanış olmalı, müəllimin tövsiyələrə necə əməl etdiyini izləməlidirlər.
Müəllimlərimizin bir qismi fikirləşir ki, metodik vəsait tövsiyə xarakteri daşıyır, ondan istifadə etməmək də olar.
Bəli, tövsiyədir. Kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məzmun standartlarının reallaşdırılması, tədris ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında müəllimə köməklik məqsədilə hazırlanmış metodik tövsiyələrin məcmusudur. İstifadəsi isə könüllü yox, məcburi olmalıdır. Tövsiyədən o vaxt istifadə etmirlər ki, ondan yaxşısını, daha səmərəli variantını hazırlayıb istifadə edirlər. Belə müəllimlərimiz isə azlıq təşkil edir.
Çox yaxşıdır. Təəssüf ki, gündəlik dərslər haqqında bunu deyə bilmirik.
“Açıq dərs”lərlə kurikulum tətbiq oluna bilməz. Bütün dərslər müasir təlim metodları ilə keçilməlidir. Bunun üçün hamımız “Müəllim üçün metodik vəsait”dən səmərəli istifadəyə üstünlük verməliyik. Ona yeniliyin açarı kimi yanaşmalıyıq. Təhsil Nazirliyinin tətbiq etdiyi yeniliklərin, şəffaflığın qarşısında elə işləməliyik ki, bizim təcrübəli və ya müasirliyin nümunəsi olduğumuz hiss edilsin. Yoxsa, düşdüyümüz köhnə mühitə “bürünüb” ellə “sürünürük”sə, heç nəyi dəyişə bilməyəcəyik.
Bütün müəllimlərə çətin və şərəfli peşələrində uğurlar arzulayıram.
Xaləddin NİFTƏLİYEV, Yevlax Şəhər Təhsil Şöbəsi Metodkabinetinin müdiri
|
|
20.07.2018 | 16:24 | |
|
|
|