Əfsanəyə dönmüş məhəbbət musiqi dilində | |
Onunla həmsöhbət olmaq mənim üçün olduqca xoş idi. Yeri gəlmişkən, hər həmsöhbət adama bu qədər xoş təsir də bağışlamır. 13 yaşlı bir yeniyetmənin fikir və mülahizələri isə əhvali-ruhiyyəmə xoş ovqat qatır, açığı həm təəccüblənir, həm də təsirlənirdim.
O qədər narahat idim ki!
- O qədər narahat idm ki! Tez-tez saata baxır, bir azdan başlayacaq konsertin necə qarşılanacağı barədə düşünürdüm. Həyəcandan sifətim də qızarmışdı. Bu, doğrudan da olduqca məsuliyyətli bir iş idi. Məramına və mahiyyətinə görə başqa konsert proqramlarından əhəmiyyətli dərəcədə fərqlənən bu konsertə gələnlər də elə kövrək notlarla köklənmişdilər. Bu konsertdə könül oxşamaqdan çox ruhu oxşamaq lazım gələcək, notların dili ilə ürəklərə sərinlik gətirməli olacaqdım. Nəhayət ki, musiqisevərlər, dostlar, tanışlar “Yaxt klub”a toplaşdılar və konsertin başlanması elan olundu.
İlham və Fərizənin xatirəsinə
Hər kəs öz yerini tutduqdan sonra səhnəyə dəvət olundum və F.Mendelsonun “Sözsüz mahnı”sını səsləndirdim. Hiss etdim ki, ifam tamaşaçıları heyran edib. İlham və Fərizənin əfsanəvi məhəbbətləri fonunda qəhərdən sözümün tükəndiyini söylədim. Zalın tərtibatı, yanan şamlar, yerə səpilən qızılgül ləçəkləri tamaşaçılara kövrək anlar yaşatdı. Mən bu solo konsertimi Şəhidlər xiyabanında uyuyan İlham və Fərizənin xatirəsinə həsr etmişdim. Axı, iyunun 30-da İlham və Fərizənin - iki sevən qəlbin keşməkeşli həyat yoluna birgə qədəm qoymasının 29 ili tamam olurdu. 1990-cı ilin qanlı Yanvarı İlhamı Fərizədən ayırsa da, gənc qadın ölümə meydan oxudu və bətnindəki körpəni də özü ilə bərabər haqq dünyasına, İlhamın qovuşduğu haqq dünyaya apardı. Qeyd edim ki, solo konsertimə başlamazdan öncə iştirakçılar İlham və Fərizənin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ustalıqla ifa etdim və əfsanəyə dönmüş məhəbbət tarixindən musiqinin dili ilə söhbət açdım. Həmin gecə ifamda F.Şopenin “Vals”ını da tamaşaçılar xüsusi maraqla dinlədilər. F.Listin “Loreleya” əsəri isə ürəkləri riqqətə gətirdi.
Vokal ifa etmək bacarığımı da nümayiş etdirdim
Qeyd edim ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdiyəm. Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində də vokal dərsləri alıram. Tədbirdə daha bir istedadımı - vokal ifa etmək bacarığımı da nümayiş etdirdim. “Sevgi valsı”nı (musiqisi Tofiq Quliyev) səsləndirdim. Xalq artisti Fidan Hacıyeva ilə birgə “Gözəlim, yar gözəlim” (“Arşın mal alan”) operası və “Axşam mahnısı”nı (musiqisi Tofiq Quliyev) ifa etdim və bu mahnılar tamaşaçıların ürəyini ovsunladı. Mərasimdə Vokal Musiqi Məktəbinin yetirmələri olan Orxan Cabbarovun, Rəna Cəfərzadənin, Tural Tağıyevin, Aqşin Xudaverdiyevin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri də səsləndirildi. Tədbirdə qonaq qismində iştirak edən şotlandiyalı Bob Petrin ifası isə tamaşaçıları lirik notlara köklədi. Əməkdar incəsənət xadimi İlham Nəcəfovun saksofonda ifa etdiyi caz-muğam sintezi nümunələri musiqili gecəni bir daha rövnəqləndirdi.
Ayla, sənin gözəl səsin var
Alqışlar yağışına bürünmüşdüm. Xalq artisti Fidan Hacıyeva rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tərifnaməsini mənə təqdim etdi və dedi ki, Ayla, sənin gözəl səsin var. Qeyd edim ki,Vokal Musiqi Məktəbinin martın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim etdiyi “Baharın səsi” adlı konsert proqramında Xalq artisti Fidan Hacıyevanı ifalarından birini fortepianoda mən müşayiət edirdim.
Tədbirdə iştirak edən anam Sevda xanım da fürsətdən istifadə edərək mənim uğurlarıma çox sevindiyini və övladının musiqi istedadının üzə çıxarılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Gecəyə toplaşan sənətsevərlərin, Fidan Hacıyeva kimi xeyirxah insanların hər biri, mahnıda deyildiyi kimi, gözəl və qəşəng idilər. Vokal Musiqi Məktəbinin müəllimi Arzu Qurbanovanın Tural Tağıyevlə birgə “Yaşın nə fərqi var” dueti sevginin ülvi duyğu olduğunu tədbir iştirakçılarına bir daha yaşatdı.
Qeyd edim ki, professor Tamara Poddubnaya məni Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət edib. Bu konservatoriyaya xüsusi istedadı olan uşaqlar qəbul olunurlar. Artıq mən də həmin konservatoriyaya imtahansız qəbul olunmaq və ödənişsiz təhsil almaq təklifi almışam. Almaniyada, Bolqarıstanda, İtaliyada, həm də Türkiyədə keçirilən beynəlxalq müsabiqələrdə ustad dərsləri almağı da unutmuram.
...Ayla Kəlbiyevanın 13 yaşı var. Yaşının az olmasına baxmayaraq, nailiyyətləri çoxdur. 2013-cü ildə Maltada “Violin and friends” beynəlxalq müsabiqəsində, 2014-cü ildə Fransada N.Rubinşteyn adına XII beynəlxalq fortepiano müsabiqəsində, 2015-ci ildə İtaliyada “Citta di Pesaro” XII beynəlxalq musiqi müsabiqələrində ikinci yerə layiq görülüb. ABŞ-ın Nyu-York şəhərində “American Protege” Beynəlxalq Fortepiano Müsabiqəsinin qalibi olub, nüfuzlu “Carnegie Hall”da çıxış edib. 2017-ci ildə “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsində ikinci yeri tutub. Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Bu günlərdə isə Türkiyədə keçirilən Beynəlxalq fortepiano müsabiqəsində birinci yeri tutub.
Sifai SƏFƏROVA
|
|
20.07.2018 | 15:33 | |
|
|
|