Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndələri SDU-da olub

Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyəti çərçivəsində təhsil və elm sahəsində, o cümlədən birgə elmi-praktik konfranslar, tələbə və müəllimlərin akademik mobilliyi, nümayəndə heyətlərinin mübadiləsi, təntənəli tədbirlərdə iştirak və s. kimi sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində (SDU) olub.

 

Nümayəndə heyəti UDNTU-nun Tələbə qəbulunun təşkili və peşəyönümlü fəaliyyət üzrə prorektor Denis Karetnikov, universitetin Salavat şəhərindəki filialının direktoru Natalya Luneva, Xarici əlaqələr şöbəsinin müdiri Andrey Qreb, distant təhsil fakültəsinin dekanı Azat Almuxametov və digər fakültələrin dekanları, filial təmsilçiləri, ümumilikdə 15 nəfərdən ibarət olub.    

  

Nümayəndə heyətinin üzvləri ilə görüşən SDU-nun rektoru, professor Elxan Hüseynov universitetlər arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən danışıb.

 

“Elm və təhsil sahəsində universitetlərin əməkdaşlığının yüksəlməsinə xidmət göstərən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası, həm də ölkələrimizin intellektual potensialının artmasına kömək edir. Belə əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradır, bu isə öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlığa, ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Əlaqələrimiz bu gün UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin tərəfindən də uğurla davam etdirilir”-deyə E. Hüseynov bildirib.

 

Qonaqlar Azərbaycan və Rusiya arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən bəhs edib, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Görüşdə, həmçinin birgə layihələrin əhəmiyyəti, tələbələrin birbaşa əlaqələrinin genişləndirilməsi və ikili proqramların təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

 

Görüşdən sonra UDNTU-nun Texnologiya fakültəsinin dekanı Fərxad Vildanovun təqdimatı nümayiş etdirilib.

 

Tədbir çərçivəsində qonaqlar universitetin fakültə, kafedra və elmi laboratoriyaları ilə tanış olublar.

 



15.12.2021 | 14:06