Azərbaycan və Türkiyə peşə təhsil müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb | |
Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Dekabrın 14-də Türkiyə təhsil rəsmiləri Bərdə şəhərində yerləşən Bərdə Peşə Liseyinə səfər edib. Səfər çərçivəsində iki ölkə arasında peşə təhsili səviyyəsində əməkdaşlığın artırılması istiqamətində Bursa Hamidiye Texniki Anadolu Peşə Liseyi ilə Bərdə Peşə Liseyi, həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi arasında qardaşlıq sazişləri imzalanıb.
Daha sonra Bərdə Peşə Liseyinə infotur təşkil olunub. Təqdimat zamanı qonaqlar liseydə yaradılmış şəraitlə yaxından tanış olub, tədris binası, yataqxana, emalatxana və laborotoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binalarda yaradılmış şəraiti yaxından izləyiblər. Bildirilib ki, yenidənqurulan Bərdə Peşə Liseyi beynəlxalq standartlara cavab verən maddi texniki baza ilə təchiz olunub.
Qeyd edək ki, 12 dekabr tarixindən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır. |
|
14.12.2021 | 18:00 | |
|
|
|