“Ulu öndər Heydər Əliyev gənclərin düşüncələrini, ideyalarını daima dəstəkləyirdi”

Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Nəsimi rayon İcra Hakimiyyətinin və ADU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, icra nümayəndələri və respublikanın digər universitetlərindən olan qonaqlar iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ürəyində, əməllərində yaşayır və hər zaman yaşayacaq: “Onun uzaqgörən siyasəti sayəsində biz işğal altında olan Qarabağı azad etdik. Onun əməllərinin sayəsində Azərbaycan geri dönməz inkişaf yoluna qədəm qoydu”.

 

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndərin həyat təcrübəsindən, Azərbaycan üçün gördüyü böyük işlərdən, millətimizin daha gözəl yaşaması üçün xilaskar missiyasından söhbət açıb: “Ulu Öndər gənclərin düşüncələrini, ideyalarını daima dəstəkləyirdi. Gənclərin daha sağlam, daha savadlı və xoşbəxt olması üçün yorulmadan çalışırdı. Ulu Öndər ancaq Azərbaycanın parlaq gələcəyini, millətin xoşbəxtliyini düşünürdü, müstəqilliyimizin əbədi olması üçün əlindən gələni edirdi. Bu gün biz qalib bir xalqıq, bu qalibiyyətin anlamını dərk etmək üçün Ulu Öndərin həyat fəaliyyətinə bir daha nəzər salmalıyıq”.

 

ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar, Rumın dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Jozefina Batto  da Heydər Əliyevin müdrik siyasətindən və misilsiz idarəçiliyindən danışıblar.

 

Anım mərasimində tələbələr Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarını video-rolik şəklində bir neçə xarici dildə səsləndiriblər.

 

Tədbir bədii hissə ilə davam edib.   

 



11.12.2021 | 14:18