Təhsildə əlçatanlıq

Noyabrın 25-dən etibarən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən müvafiq müraciətlərin qəbuluna başlanılıb.  Ölkəmizdə şərtləri kredit götürməyə imkan verən 40465 nəfər bakalavr, 5426 magistr, 10317 nəfər subbakalavr olduğu bildirilir. Xatırladaq ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydaya əsasən, təhsil tələbə krediti iki cürdür: standart və sosial. Sosial kreditdən həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edəcək. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmayacaq və tələbədən kreditin qaytarılması tələb edilməyəcək. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında güzəştlər isə tələbənin təhsil nəticələrindən asılı olaraq tətbiq olunacaq. Kreditin hansı müddətdə qaytarılacağına gəlincə, bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. Tələbə təhsil məqsədilə götürdüyü krediti yalnız məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarmağa başlayır.

 

“Təhsil Tələbə Krediti Fondunun vasaiti artırılacaq”

 

Bu şərtlərlə ölkəmizdə təhsil kreditlərinin verilməsinə başlanılması istər tələbələr, istərsə də bütün cəmiyyətdə maraqla qarşılanıb. İqtisadçı, millət vəkili Vüqar Bayramov hesab edir ki, təhsil tələbə kreditlərinin verilməsi birmənalı olaraq müsbət qarşılanmalıdır: “Təhsil kreditləri uzun müddətdir müzakirə etdiyimiz və dəstəklədiymiz məsələlərdəndir. Bu gün əksər inkişaf edən ölkələrdə təhsil kreditlərindən istifadə olunur. Xüsusən də sosial baxımdan nisbətən aztəminatlı ailələrin övladları məhz bu yolla öz təhsil haqqını ödəyə bilirlər. Ona görə də təhsil tələbə kreditləri birmənalı olaraq müsbət məqam kimi xarakterizə olunmalıdır. Çünki bu, təhsil haqqını ödəyə, ya da təhsil aldığı müddətdə başqa xərclərinin öhdəsindən gələ bilməyən tələbələrin həmin kreditdən istifadə etməklə öz təhsilini davam etdirmək imkanı deməkdir. Təhsil kreditindən istifadə edən gənclərin bu pulu təhsilini tamamladıqdan sonra qaytaracaqlarını nəzərə alsaq, əminliklə deyə bilərik ki, təhsil üçün götürdüyü borc təhsil aldığı dövrdə tələbə üçün hər hansı narahatlıq, ağırlıq törətməyəcək. Universitetdən sonra isə əməkhaqqının müəyyən hissəsi bu istiqamətə yönəldiləcək. Bu, sosial bir layihədir və imkan verəcək ki, təhsil haqqını ödəməkdə çətinlik çəkən və ya təhsillə bağlı xərclərin qarşılanmasında problemləri olan tələbələr kreditin köməyi ilə təhsilini davam etdirsinlər”.

 

Vüqar Bayramov bildirib ki, təhsil tələbə kreditinin büdcəsinin artırılacağı da nəzərdə tutulub: “2022-ci ildən Təhsil Tələbə Krediti Fondunun vasaiti 80 milyon manatdan 102 milyon manata qədər artırılacaq. Dövlət büdcəsindən əlavə olaraq 22 milyon manat vəsaitin bu məqsədə yönəldilməsi nəzərdə tutulub”.

 

“Məqsəd həm də gənclərin təhsilə təşviqidir”

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətə başlaması dövlətimizin təhsil sahəsinə qayğısının növbəti təzahürüdür: “Biz son illər davamlı olaraq müşahidə edirik ki, dövlət öz təhsil sisteminə diqqətini daha da artırır, sosial baxımdan zəif təbəqə hesab olunan vətəndaşlara dəstək göstərir. Şəhid ailələri, məcburi köçkünlərin təhsil haqqından azad olunması ilə bağlı dövlətin qərarları var. Ötən il pandemiya ilə əlaqədar 20 mindən çox tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilib. Təhsil Tələbə Krediti Fondunun yaradılması Azərbaycan təhsilində tələbələrimizin uzun illərdir çətinlik çəkdikləri bir sıra məsələlərin həllinə öz təsirini göstərəcək”.

 

Millət vəkilinin sözlərinə görə, ali məktəblərə qəbul olunduqdan sonra təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymaq məcburiyyətində qalanlar olub. Bu da təhsildə əlçatanlığın təmin edilməsi şərtinin yerinə yetirilməsi üçün başlıca maneələrdəndir: “Dünyada bu gün ən mühüm məsələlərdən biri təhsilin əlçatan olmasıdır. Bu baxımdan tələbələrə təhsil kreditlərinin verilməsi qərarı, ilk növbədə, təhsildə əlçatanlığın artmasına təsir göstərəcək”.

 

Bu qərar ali məktəblərin də maliyyələşməsinə təkan verəcək, rəqabət mühitini artıracaq”.

 

Sərfəli şərtlərlə kredit valideynlərin də yükünü yüngülləşdirəcək: “İki-üç övladı ali məktəbdə təhsil alan ailələr üçün bir yandan təhsil haqqını verib, digər tərəfdən yaşayış və başqa xərclərin öhdəsindən gəlmək çətinlik yaradırdı”.

 

Millət vəkilinin fikrincə, kreditin verilməsi üçün qurulan sistem də uğurlu düşünülüb: “Həm sosial, həm də standart paket var. Vacib məqam ondan ibarətdir ki, burada məqsəd həm də gənclərin təhsilə təşviqidir. Hər kəsə kredit verilmir. Oxumursa, təhsilə marağı yoxdursa, ümumi müvəffəqiyyət göstəricisi yüksək deyilsə, kredit ala bilmir”.

 

C.Məmmədov bu addımdan müsbət nəticələr gözləyir: “Bu, təhsilimizin inkişafına, tədris mühitinin sağlamlaşdırılmasına, tələbələrin, eləcə də təhsil müəssisələrimizin maliyyə imkanlarının yaxşılaşmasına öz müsbət təsirini göstərəcək”.

 

“Tələbələr üçün rəqabət mühiti yaradacaq”

 

Milli Məclisin deputatı, iqtisadçı Azər Badamovun fikrincə, təhsil krediti dövlət tərəfindən tələbələr üçün yaradılan yeni imkandır: “Düşünürəm ki, bütün tələbələrin keyfiyyətli təhsillə təmin olunmasında təhsil krediti xüsusi rol oynayacaq. Kreditin verilməsi oxuyan tələbələr üçün rəqabət mühiti yaradacaq. Bütün tələbələr təhsil kreditindən yararlanmağa və nəticədə daha da yaxşı oxuyaraq tələb edilən kriteriyalara cavab verməyə çalışacaqlar. Bu da öyrənmək, daha yaxşı kadr olmaq üçün cəhd edənlərin sayının artmasına səbəb olacaq”.

 

Tələbə təhsil krediti savadlı gənclərin maddi çatışmazlıq ucbatından universitetdə təhsilini yarımçıq qoymasının qarşısını alacaq: “Ödənişli əsaslarla oxuyan tələbələr arasında maddi imkanları aşağı olduğuna görə təhsilini yarımçıq qoyanlar kifayət qədər çoxdur. Təbii ki, təhsil kreditlərinin verilməsi bu problemi aradan qaldıracaq. Gənclərimizin təhsillə bağlı arzularının reallaşdırılmasına yol açacaq”.

 

Ruhiyyə DAŞSALAHLI

 



10.12.2021 | 12:09