Şagirdlər innovativ məkanda

Dekabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkəmizin müxtəlif şəhər və regionlarından ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə “STEAM Azərbaycan Festivalı 2021”in  (SAF-2021) açılış mərasimi olub. Festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak ediblər.

 

İki günlük festival Azərbaycan təhsilində son illərin ən əlamətdar tədbirlərindən biri kimi qiymətləndirilə bilər və bir ilk kimi uzunmüddət  məktəblilərimizin yaddaşında  qalacaq. Şagirdlərin bilik və səriştələrinin, innovativ yanaşma və elmi təxəyyüllərinin məhsulu kimi festivalda sərgilənən layihələr bir-birindən maraqlı idi və özünəməxsusluğu, yeniliyi ilə seçilirdi. 2019-2020-ci tədris ilindən ölkəmizdə tətbiqinə başlanılan STEAM yanaşma əsasında şagirdlərimizin elmi və tədqiqatçılıq məharətlərinin üzə çıxarılmasına xidmət edən festival əslində bir elm bayramı idi.

 

Bu isə hazırkı dünya reallıqları dövründə olduqca qürurverici məqamdır. Çünki günümüzdə belə bir festivalın keçirilməsi Azərbaycanda olan inkişafın göstəricisidir,  həm də təhsilə bağlıdır, təhsilimizin gələcəyini vəd edir. Bu festivalın keçirilməsi həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə - Böyük Zəfəri əldə etdiyimiz dövrə təsadüf edir.

 

Təhsilimiz üçün önəmli gün

 

Ölkəmizdə ilk dəfə keçirilən birinci Azərbaycan STEAM festivalının açılışında çıxış edən təhsil naziri Emin Əmrullayev tədbirin ölkəmizin təhsil tarixində çox önəmli gün olduğunu bildirib.  İlk dəfə olaraq  Azərbaycanın müxtəlif bölgələrindən  mindən artıq şagird 350-dən artıq layihə ilə belə bir innovativ məkana toplaşıb.  Bu qədər gəncin  öz layihələri ilə eyni məkanda və  bu layihələrin hər birinin bir yenilik müjdəsi olmasını görmək çox sevindiricidir. STEAM təhsil yanaşması barədə qısa məlumat verən təhsil naziri  qeyd edib ki,  təhsilin məzmunu bütün dünyada, eləcə də Azərbaycanda ən az dəyişən sahədir, tədris planları bir-birindən o qədər fərqlənmir.

 

“Biz Təhsil Nazirliyi olaraq  əlimizdən gələni edirik ki,  uşaqlarımızın tədris planları  və təhsilin məzmunu yeni çağırışlara, gələcəyin çağırışlarına  cavab verən məzmun olsun. Ona görə də burada olan robototexnika, 3D printer və digər  sahələrdə olan yarışlar  bizim şagirdlərimiz üçün tamamilə yeni bir məzmunun istiqamətidir”,-deyə Emin Əmrullayev bildirib.

 

Nazir qeyd edib ki, STEAM  artıq Azərbaycanın müxtəlif bölgələrində olan məktəblərdə  100 mindən artıq şagirdi əhatə edir. 15 bölgədə STEAM mərkəzləri açılacaq. Bunlardan bir neçəsi -  Şirvan, Gəncə,  Quba, Sabirabad, Ağdaş mərkəzləri artıq hazırdır.  Bütün məktəblərimizdə STEAM laboratoriyaları qurulur.

 

“İnnovativ məktəblər”

 

Emin Əmrullayev daha bir yeniliyin anonsunu verib. Nazir qeyd edib ki,  gələn tədris  ilindən artıq “İnnovativ məktəblər”  layihəsinə başlamaq istəyirik. Bu, rəqəmsal bacarıqları, digər XXI əsr səriştələrini özündə birləşdirən  bir layihədir. “İnanıram ki, bu layihə bütün Azərbaycanın gələcəyinə, işıqlı sabahına gəncləri ən uyğun şəkildə hazırlayacaq”. 

 

Nazir STEAM layihəsinin və təşəbbüsünün gerçəkləşməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısını qeyd edib: “Bu layihə icrasına başladığı ilk gündən məhz Mehriban xanımın xüsusu diqqəti  və göstərdiyi dəstək  nəticəsində  mümkün olmuşdur.   İnandığım bundan ibarətdir ki, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərlər, torpaqlarımızın işğaldan azad  edilməsi, məhz burada  olan gənclərin əksəriyyətinin yaratdıqları, qurduqları layihələrin böyük hissəsi, yəqin ki, işğaldan azad olunan torpaqlarda  həyata keçirilən layihələrlə bağlı olacaq”.  Nazir  iştirakçılara uğurlar arzulayaraq ümidvar olduğunu bildirib ki,  şagirdlər festivaldan  qalib kimi ayrılacaq.

 

“Siz hamıdan güclüsünüz”

 

Birinci Azərbaycan STEAM festivalının keçirilməsini yüksək qiymətləndirən  “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov qeyd edib ki, layihə 2019-2020-ci tədris ilindən həyata keçirilir: “Hazırda layihə 302 məktəbi, 1600 müəllimi əhatə edir. Layihə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat ərzində keçirilir”. Layihənin icra olunduğu məktəblərdən 189-u Bakı şəhərinin, 113-ü isə regionların payına düşür. STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan Festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.

 

Layihə rəhbəri  STEAM təhsilin məzmununun ümumtəhsil səviyyələri üzrə adaptasiyası,  yeni modullar barədə təqdimat  edib.  İ.Nəzərov orta məktəblərdə STAEM məzmununun STEAM sinifləri, peşə məktəblərində innovativ kurikulumları, universitetlərdə isə STEAM tədrisi və kadr hazırlığını nəzərdə tutduğunu bildirib.  Layihə rəhbəri  STEAM-Azərbaycan olaraq İsrail, Türkiyə,  Finlandiya, Belçika kimi ölkələrlə təcrübə mübadilələrinin aparıldığını, müəllimlərimizin Türkiyə və İsraildə təcrübə səfərlərində olduğunu qeyd edib. İ.Nəzərov STEAM mərkəzləri üçün yeni məzmunda metodologiya və məzmun hazırlandığını, yeni tədris resurslarının mərkəzlərin istifadəsinə verildiyini vurğulayıb.  Layihə rəhbəri yeni çağırışlara müvafiq olaraq yeni STEAM peşələrinin təsis olunması istiqamətində atılan addımlardan, istedadlı uşaqların aşkara çıxarılması üzrə keçirilən yarışlardan bəhs edib, birinci STEAM festivalına hazırlıq, komandalar və yarışın keçirilməsi gedişi barədə məlumat verib.

 

Festivalda İsraildən olan startap və akselerasiya eksperti Tal Katran çıxış edərək  birinci STEAM Azərbaycan   festivalının iştirakçıları olan şagirdlərimizi təbrik edərək onlara uğurlar arzulayıb. Onların bu festivalda tarix yazdıqlarını bildirib.  “Bu gün qarşınızda böyük imkanlar açılır. Bu gün özünüzün nə qədər ağıllı, nə qədər savadlı, nə qədər güclü, nə qədər yaradıcı olacağınızı göstərəcəyiniz bir  imkandır”, - deyən qonaq  belə bir yarışmanın keçirilməsi imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkürlərini çatdırıb.

 

Qonaq   əmin olduğunu bildirib ki, festivala qatılan hər bir uşaq yarışmada ən güclü olduğunu göstərə biləcək.  “Ən güclü olmaq bir komandada olmaqdan başlayır.  Güclü olmağın sirri birlikdə olmaqdadır. Komanda olaraq bərabər çalışmaqdadır.  Və Azərbaycan  birgə çalışaraq bunu sübut etdi.  Siz burada ən güclü olmaq üçün çalışırsınız.  Siz hamıdan güclüsünüz”.

 

Festival çərçivəsində şagirdlər arasında 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar keçiriləcək. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

 

Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.

 

Oruc MUSTAFAYEV

 



10.12.2021 | 09:50