STEAM Azərbaycan Festivalının açılış mərasimi olub

Dekabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimi olub. 


Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edib.


Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.


Festivalın açılış mərasimində  çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, STEAM - rəqəmsal bacarıqları, XXI əsr kompetensiyalarını özündə birləşdirən layihədir. Nazir Azərbaycanın müxtəlif bölgələrindən 1000-dən artıq şagirdin 350-dən çox layihə ilə festivala qatıldığını bildirib. 


STEAM layihəsinin ölkəmizdə Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi  sayəsində  gerçəkləşdiyini vurğulayan nazir  bu layihənin 100 mindən çox şagirdi əhatə etdiyini diqqətə çatdırıb. Təhsil naziri  STEAM təhsil yanaşması barədə məlumat verdikdən sonra gələcəyin çağırışlarına cavab verən  layihə üzrə keçirilən festivalın işinə uğurlar arzulayıb. 


"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov STEAM layihəsinin 2019-2020-ci tədris ilindən həyata keçirildiyini qeyd edərək bildirib ki, hazırda layihə 302 məktəbi, 1600 müəllimi əhatə edir. Layihə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat keçirilir. Layihənin icra olunduğu məktəblərdən 189-u Bakı şəhərinin, 113-ü isə regionların payına düşür. 


İqrar Nəzərov layihə üzrə məzmunun inkişaf etdirilməsi, yeni innovativ dərs vəsaitlərinin hazırlanması, STEAM təhsilinin növbəti təhsil pillələrinə inteqrasiyası, həmçinin müxtəlif xarici şirkətlərlə olan əməkdaşlıqdan söz açıb. STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirildiyinin deyən layihə rəhbəri bildirib ki, STEAM Azərbaycan Festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.


Daha sonra çıxış edən İsrailli startap və akselerasiya eksperti Tal Katran festivalın əhəmiyyətinə toxunub və bu festivalın şagirdlər üçün bilik və bacarıqların əldə olunması, komandada işləmək imkanı qazandırdığını bildirib. Çıxışının sonunda qonaq yarış iştirakçılarına uğurlar arzulayıb.


Çıxışlardan sonra festival çərçivəsində nəzərdə tutulan və müxtəlif kateqoriyalar üzrə yarışlara start verilib. Bildirilib ki, yarışlar "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior",  "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot, üzrə kateqoriyaları istiqamətində reallaşacaq. Əlavə olaraq iştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olacaq, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar. 


Dekabrın 10-da davam edəcək festivalın ikinci günündə isə həvəsləndirici yarışların keçirilməsi və qalib komandaların mükafatlandırılması mərasimi baş tutacaq.  


Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.  
 



09.12.2021 | 15:40