Universitetlə Daxili İşlər Nazirliyinin birgə maarifləndirici tədbiri | |
Bakı Mühəndislik Universitetində (BMU) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
BMU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə görüşün əhəmiyyətindən bəhs edib, narkomaniyanın müasir dövrümüzün ağrılı və acınacaqlı problemlərindən biri olduğunu söyləyib. Dünyanın bir çox ölkələrində narkomaniyaya qarşı mübarizənin dövlət səviyyəsində aparılmadığını bildirən prorektor Azərbaycanda bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən fərman imzalanıb. Narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman dövlərin diqqət mərkəzində dayandığını deyən prorektor ölkəmizdə bu sosial bəla ilə mübarizə məqsədilə Prezident İlham Əliyevin 2019-cu ildəki sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu nəzərə çatdırıb.
Prorektor narkotik vasitələrin insan həyatına, orqanizminə göstərdiyi mənfi təsirlər barədə danışıb, gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa səsləyib.
DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev görüşün olduqca aktual mövzuya həsr edildiyini vurğulayıb. Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən nazirlik rəsmisi narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirib.
Şöbə rəisi ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini nəzərə çatdırıb. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması yönündə məqsədyönlü iş aparıldığını deyən E.Hacıyev qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirlərinə toxunub. İctimai maarifləndirmə işlərinin əhatəsinin daha da genişləndirildiyini fikirlərinə əlavə edən şöbə rəisi çıxışının sonunda tələbələri ehtiyatlı olmağa çağırıb, bəşəriyyətin ən ağrılı problemlərindən olan, ciddi təhlükə mənbəyinə çevrilən narkomaniyanın sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükə daşıdığını vurğulayıb, öz tövsiyələrini verib.
Abşeron rayonu Narkotiklə mübarizə bölməsinin baş müvəkkili, polis mayoru İbrahim Məmmədov gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək məqsədilə həyata keçirilən işlərdən bəhs edib.
Sonda narkomaniyanın zərərlərindən bəhs edən “Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş olunub.
|
|
08.12.2021 | 17:15 | |
|
|
|