Polşalı alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dəvəti ilə ölkəmizdə səfərdə olan Polşa Elmlər Akademiyasının həqiqi üzvü, ADNSU-nun fəxri doktoru, professor Janusz Kacprzyk universitetdə olub.
Qonaq əvvəlcə ADNSU-nun nəzdində yerləşən Azərbaycan-Fransız Universitetinin laboratoriyalarını gəzib, tələbələrin laboratoriya dərslərini müşahidə edib, maddi-texniki baza ilə yaxından tanış olub.
Daha sonra universitetin Lazer mərkəzi, Ali riyaziyyat kafedrası, Tarix və Mineralogiya muzeyləri, həmçinin universitetin yeni avadanlıqlarla təchiz edilən müasir auditoriyaları, Azİİ e-Kitab Evi, Kapital bank otağı və Lukoil guşəsinə baxış olub.
Universitetlə tanışlıqdan sonra professor J.Kacprzyk ADNSU-nun rektoru Mustafa Babanlı ilə görüşüb. ADNSU-da yaradılan yüksək səviyyəli tədris prosesi, dərs otaqları və laboratoriyaları yüksək qiymətləndirdiyini deyən professor J.Kacprzyk elmi araşdırmaların aparılması, xüsusən də süni intellekt sahəsində elmi işlərin həyata keçirilməsi üçün kifayət qədər geniş imkanlar olduğunu qeyd edib. Təmsil etdiyi ölkənin ali təhsil müəssisələri ilə ADNSU arasında elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışan J.Kacprzyk bu sahədə inkişafa nail olmaq üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyini söyləyib.
Görüşün sonunda qonağa xatirə hədiyyələri təqdim edilib.
|
|
08.12.2021 | 17:29 | |
|
|
|