Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə heyvandarlıq sahəsində fəaliyyət göstərən assosiasiyalar arasında qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunan görüş keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, professor İbrahim Cəfərov ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi və s. haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illərdə aqrar sahədə fəaliyyət göstərən assosiasiyaların yaradılmasına, onların fəaliyyətlərinin əlaqələndirilməsinə KTN tərəfindən lazımi dəstəyin göstərildiyini qeyd ediblər. Bildirilib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 34 aqrar yönümlü assosiasiya qeydiyyatdan keçib və fəaliyyətlərini uğurla davam etdirirlər.
Digər çıxış edənlər də tədbir iştirakçılarını assosiasiyaların fəaliyyəti və aqrar sektorun inkişafında rolu barədə ətraflı məlumatlandırıblar.
Sonra ADAU ilə qeyd olunan assosiasiyalar arasında qarşılıqlı əməkdaşlığa dair əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirin yekununda tələbələrlə fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.
|