“ITACA” layihəsi çərçivəsində görülən işlərin İtaliyada müzakirəsi

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Etibar Qəhrəmanov, Məmməd Hüseynov, Kamran Şirəliyev və Cavanşir Salmanov universitetin tərəfdaş olduğu “Azərbaycanda Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı üçüncü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində təşkil olunan toplantıda iştirak ediblər.

 

İtaliyanın Roma şəhərində baş tutan tədbirdə layihə rəhbəri, professor Luka Di Palma layihənin cari vəziyyəti və gələcək addımları haqqında məlumat verib.

 

Sonra layihənin Avropadan və Azərbaycandan olan tərəfdaşları, o cümlədən BMU-nun Sənaye mühəndisliyi kafedrasının müəllimi M.Hüseynov iş planına əsasən görülmüş işlər haqqında təqdimatla çıxış edib və ona ünvanlanmış sualları cavablandırıb.

 

Görüşdə “ITACA” layihəsi çərçivəsində Azərbaycanda qurulmuş və müasir avadanlıqlarla təchiz edilmiş İnnovativ Təlim Mərkəzinin (İTM) fəaliyyət istiqamətləri və imkanları tərəfdaşlarla birlikdə müzakirə olunub. Bununla yanaşı, İTM-də Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı üçüncü tsikl yüksək kurs çərçivəsində tədris olunacaq əsas fənnlərin adları, yeni tədris proqramının hazırlanması və təhvilvermə tarixləri, tədris aparacaq müəllimlərin seçim qaydaları, tədris alacaq, həmçinin tədqiqat aparacaq tələbələrin seçim meyarları, kursların keyfiyyətli təşkili, akkreditasiyası istiqamətlərində fikir mübadiləsi aparılıb. Layihənin iş paketlərinin son vəziyyəti, təbliğat-təşviqat işinin təşkili, gələcək fəaliyyətlərin detalları və planlaşdırılması (növbəti görüşlər, ikitərəfli sazişlər, layihə kitabçasının hazırlığı və. s.) kimi məsələlər də nəzərdən keçirilib.   

 

İki gün davam edən tədbirdə iştirakçılar Roma Sapienza Universitetinin bir neçə laboratoriyası, həmçinin Romanın tarixi yerləri ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İtaliyanın Roma Sapienza Universitetinin rəhbərliyi ilə icra olunan “ITACA” Erasmus+ KA2 layihəsi haqqında daha ətraflı məlumatı www.itacaproject.eu linkindən əldə etmək mümkündür.

 



07.12.2021 | 12:11