Azərbaycanın beynəlxalq əməkdaşlıqda artan rolu

Azərbaycan II Qarabağ müharibəsindən sonra beynəlxalq əməkdaşlıq sferasında əhəmiyyətli bir rola sahib olub. Söhbət ondan gedir ki, ölkəmiz ötən il təkcə torpaqlarını işğaldan azad etmədi, bu coğrafiyanı həm də  bir sıra dövlətlərin əməkdaşlıq mərkəzinə çevirə bildi. Terrordan təmizlənən yurdumuzun bölgə ölkələrinin sıx, səmərəli əlaqələrinin intensivliyinə yaratdığı stimul böyük iqtisadi layihələrlə bağlıdır. Sözsüz ki, iqtisadi əlaqələr siyasi münasibətləri də sağlam, möhkəm bir zəmin üzərində inkişaf etdirir. Bundan irəli gəlir ki, son zamanlar Türkiyə-Rusiya-Azərbaycan-Türkdilli dövlətlər arasında pozitiv bir atmosfer yaranıb, bu müsbət ab-hava bütün ikitərəfli və çoxtərəfli görüşlərdə özünü qabarıq biruzə verir.

 

İstər Soçi görüşündə Rusiya və Azərbaycan dövlət rəhbərlərinin isti münasibətləri olsun, istərsə də bu görüşün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında türkdilli ölkələrin prezidentlərinin, həmçinin qurumun üzvü olan Pakistanın Azərbaycana göstərdiyi səmimi münasibət, qələbəmizin bölgə üçün yaratdığı möhtəşəm imkanlar üzərinə vurğu salmaq, bundan sonrakı yol xəritəsində iqtisadi və siyasi əməkdaşlığın modelləri istiqamətində fikir mübadiləsi aparmaq, İran-Azərbaycan münasibətlərində səmərəli dialoq üçün atılan addımlar olsun, - bütün bunlar Azərbaycanın xarici siyasətdə, diplomatik sahədə qazandığı uğurlarla əlaqədardır.

 

Azərbaycan həqiqətən də Avrasiya regionunun iqtisadi baxımdan bir-birinə bağlanmasında mərkəzi planda çıxış edir, bu ideyanın gerçəkləşməsində açar rolunu oynayır, daha önəmlisi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşan quruculuq işləri ilə geniş iqtisadi-siyasi formatın işə düşməsinə həlledici təkan verir.

 

Məlumdur ki, ölkəmizin üzv olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu günlərdə Türk Dövlətləri Təşkilatına çevrildi. Şübhəsiz, bu prosesə Azərbaycanın müharibədəki qələbəsi ilə işğaldan azad olunan torpaqlar boyunca geniş bir coğrafiyanın bir-birini qucaqlamasına yaranan imkanlar təsir göstərdi.

 

Türk Dövlətləri Təşkilatı özünü yeni adla elan etdikdən sonra prezidentlər İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında bir araya gəlməklə, yeni reallıqları birlikdə təkrar müzakirə etmək imkanı qazandılar və nümayiş etdirdilər ki, hamının mənafeyinə cavab verən uğurlu bir yolun başlanğıcındadırlar. Diqqəti cəlb edən əsas məqam  Azərbaycanın qələbəsinə göstərilən ehtiram, məmnunluq hissələridir, çünki bu gün bütün bu nəhəng imkanları yaradan Azərbaycandır. Azərbaycan faktiki olaraq coğrafi mövqeyinə görəTürkiyə ilə türkdilli dövlətlərin arasına girən təbii fiziki  məsafəni ortadan qaldırır, mənəvi bağları daha da gücləndirir.

 

Azərbaycan konstruktiv əməkdaşlıq platforması olan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.Ölkəmiz onunla əməkdaşlıq edən ölkələr tərəfindən birmənalı etibarlı tərəfdaş kimi qəbul olunur. Səbəblər?

 

Səbəblər Prezident İlham Əliyevin zirvə toplantısındakı çıxışında aydın ifadə olunur. Yəni, birincisi, ümumi daxili məhsulu üç dəfədən çox artan Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycanda münbit sərmayə iqlimi var. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısını xarici sərmayə təşkil edir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.

 

Daha bir beynəlxalq hesabata, Davos Dünya İqtisadi Forumunun hesabatına  baxaq: Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Göründüyü kimi, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

 

İkincisi, nəyə diqqət verilməlidir?

 

Ona baxmaq lazımdır ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün necə gərəkli addımlar atdı. “Peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə çıxdı. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edildi. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımlar göstərdi. Yəni, humanist dövlət kimi  özünü ləyaqətlə təmsil etdi.

 

Bundan başqa, Azərbaycanın Qarabağda başladığı iqtisadi dirçəliş siyasəti üzv olduğu beynəlxalq təşkilatlarda maraqla izlənilir. Sıfırdan kəndlər və şəhərlər salmaq kimi möhtəşəm işlərə heyranlıq var. Nəhəng infrasrtuktur layihələr, hava limanları...Əsas da odur ki,Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq bu işləri görür. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

 

Bölgənin ən böyük proyekti Zəngəzur dəhlizidir ki, uzun illərin xəyalından sonra reallığa çevrilib. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

 

Əlbətdə, bu miqyasda işlər Azərbaycanın dostlarını sevindirir, çünki uğurlar onları da gücləndirir; Bədxahları isə kədərləndirir, o sadə səbəbdən ki, Azərbaycanı, Türkiyəni gözləri götürmür. Azərbaycan isə daim irəli baxır və öz gücünü bütün beynəlxalq təşkilatlarda, bütün iqtisadi-siyasi əməkdaşlıq platformalarında xalqın mənafelərinə, eləcə də bölgənin təhlükəsizlik mühitində uzunömürlü, səmərəli əməkdaşlığına yönəldir.

 

V.ALLAHVERDİYEVA 

 



06.12.2021 | 12:45