Müsabiqəyə 7 minə yaxın vakant yer çıxarılacaq | |
İyulun 16-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. Bu dəfə müsabiqəyə 7000-dən artıq vakant yer çıxarılıb. Bütün fənlər üzrə vakansiya var. İxtisaslı kadrlara ən böyük ehtiyac isə rus bölməsindədir.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, daha çox rus bölməsində bütün fənlər və ibtidai siniflər üzrə ixtisaslı kadrlara ehtiyac var.
M. Vəliyevanın sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı 50 mindən artıq şəxs müraciət edib. Onlardan 46 839 namizədin elektron ərizəsi təsdiq edilib.
Nazir müavini iyulun 16-dan başlayaraq hər gün təxminən 4 min nəfərə yaxın namizədin test imtahanı mərhələsində iştirak etdiyini vurğulayıb. Test imtahanı mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
|
|
18.07.2018 | 17:04 | |
|
|
|