Nizami Gəncəviyə həsr olunmuş onlayn konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Nizami yaradıcılığı: insanlığa və ədalətə çağırış” mövzusunda onlayn elmi-praktik konfrans təşkil olunub.

 

Konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Bakı Dövlət Universitetinin professoru Mətanət Abdullayeva və dosenti Lalə Əliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Elmi-praktik konfransın əhəmiyyətindən bəhs edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva əbədiyaşar şair və mütəfəkkir Nizami Gəncəvinin xalqımızın mədəni sərvətinə çevrilən əsərlərinin gənclər arasında təbliğinin önəmindən danışıb, ümumi təhsil məktəblərində Nizami irsinin layiqincə tədris edildiyini diqqətə çatdırıb. 

 

M.Vəliyeva bu istiqamətdə Təhsil Nazirliyi və BŞTİ tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı BŞTİ-nin əmri ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və onlayn “Açıq dərs”lər keçirilib, ədəbiyyatçılar və Nizamişünaslarla görüşlər təşkil edilib, şairə həsr olunmuş bədii və sənədli filmlər nümayiş olunub.

 

Daha sonra çıxış edənlər dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycanın zəngin mədəniyyətinin rəmzi, xalqımızın ümumbəşəri ideyalara sadiqliyinin aynası olduğunu vurğulayıblar. Bildiriblər ki, Nizami Gəncəvi böyük humanist şair kimi hər zaman insan ləyaqətini tərənnüm edib.

 

Konfransda Nizami Gəncəvinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

 



03.12.2021 | 12:59