Başı vüqarlı AZAD LAÇIN

44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizin bir adı da Laçındır. Tarixə hərbi itkilərsiz, qansız qazanılan Zəfər kimi düşən Laçın!

 

2020-ci ilin noyabrın 9-da rayonun Güləbird, Səfiyan və Türklər kəndlərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi Laçın istiqamətindəki növbəti hərbi addımları, hədəfləri anlatsa da, bunun savaş  müstəvisində davamına ehtiyac qalmadı. Azərbaycanın müharibənin ilk günlərindən qazandığı ardıcıl hərbi uğurları, siyasi müvəffəqiyyətləri, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatla Ermənistanın faktiki təslim olması Laçının döyüşsüz azadlığına yaşıl işıq yandırdı; Təcavüzkar dövlət öz qoşunlarını Laçından geri çəkdi, beləliklə, vətənimizin bu qədim diyarı da 28 illik işğaldan sonra azadlığına qovuşdu.

 

Artıq Laçın bir ildir ki, əsl sahiblərinin etibarlı əllərindədir. Bu qələbənin köksümüzdə açdığı fərəh olduqca böyük, sevinc duyğuları hədsizdir. Çünki Azərbaycan dövləti öz ordusunun gücü ilə ermənilərin torpaqlarımızda əsdirdiyi qəsbkarlıq yellərini qətiyyətlə dayandırdı, terror atəşini birdəfəlik söndürdü. Vətənimizin digər parçaları kimi Laçını da erməni əsgərinin tapdağından, qəddar düşmənin istila siyasətindən xilas etdi. Laçınlıların torpaq həsrətinə son qoyuldu.

 

Laçının  hafizəmizdə möhkəmlənən bu azadlıq tarixi onun işğal tarixinə, o zamankı hadisələrin dəhşətlərinə əsla unutqanlıq hissi yaratmır. Azərbaycan xalqı 18 may 1992-ci ili tarixin qara səhifəsi kimi hər zaman qəzəblə vərəqləyəcək; Laçınlılar düşmənin ədavətinin acı nəticələrini öz yaddaşlarında gələcək nəsillərə ötürəcək. Çünki həmin vaxt baş verənlər misli görünməmiş tragik hadisələr idi: Haqsız ölümlər, dözülməz qətllər, dağılan evlər, həyatı tar-mar olmuş günahsız insanlar! Bunların hər biri Ermənistan siyasi hakimiyyətinin işğalçılıq siyasəti ilə baş verirdi. Azərbaycan üçün ağır idi, həm də ona görə ki, Qarabağın tacı Şuşadan sonra bu, ikinci işğal faktı idi. Çox qısa zaman kəsiyində Qarabağın daha bir cənnət yurdu düşmən əsarətinə keçmişdi.

 

Münaqişə ağır sonuc meydana çıxarmışdı. Faktiki olaraq bu işğal Laçını etnik təmizlənməyə məruz qoydu; 79.1 min nəfər öz yurdundan didərgin düşdü. 300-dən artıq hərbi və mülki şəxsin həlak olmasına, itkin düşməsinə səbəb oldu. Azərbaycan iqtisadiyyatına ciddi ziyan vuruldu, çünki Azərbaycan faydalı qazıntılarla zəngin rayonunu - filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngin ərazisini itirdi. Sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı vermikulit kimi daha böyük ehtiyatlara malik yataqlar erməni qəsbkarlarının əlinə keçdi.

 

Düşmən üstəlik, rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirdi. Siyahıya diqqət edək: 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisəsi talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. VI əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da vandal hərəkətlərdən acı nəsibini aldı. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş, tunc sikkələrdən ibarət qədim kolleksiyası da talan edildi. Budur erməni xisləti!

 

Laçında davam edən cinayətlərin ardına baxsaq, coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsindən tutmuş, Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasəti ilə rayonun demoqrafik tərkibinin dəyişdirilməsinə kimi qeyri-qanuni əməllərə əl atıldı. Halbuki bütün bunlar Cenevrə konvensiyalarına zidd addımlar idi. Azərbaycan heç bir qanun tanımayan, beynəlxalq hüquq normalarını saymayan bir düşmənlə 30 ilə yaxın mübarizə apardı. 44 günlük Vətən müharibəsinin fırtınası ilə işğaldakı torpaqlarımızdan, sərhədlərimizdən düşməni öz sərhədlərinə kimi qovdu; bununla da beynəlxalq missiyanın vəzifəsini təkbaşına yerinə yetirərək özünün ərazi bütövlüyünü bərpa etdi.  

 

Prezident İlham Əliyev bu ilin fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Silahlı Qüvvələrin 8395 hərbi qulluqçusunu “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi. Bundan başqa, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasına imza atıldı. Rayonda hazırda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlının Xanlıq kəndini, Laçının cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

 

İnkişaf yolla başlayar. Artıq Laçının yolları da yenidən qurulur. Salınan Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı yol üzərində altkeçidlər və körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi aparılacaq.

 

Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə də start verilib. Bu, bölgənin beynəlxalq statusunu artıracaq. Azad edilmiş torpaqlarda, ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Onlar regionun strateji əhəmiyyətini artırır, bölgənin sosial-iqtisadi inkişafına təkan verir, turizm potensialının artırılmasına səbəb olur. Olduqca mühüm strateji əhəmiyyətə malik Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq, hava limanında 6 təyyarə dayanacağı inşa ediləcək.  Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

 

Bütün bu işlər Laçında gedən quruculuq işlərinin miqyasını göstərir. Laçını daha da vüqarlı edir. Onun azadlığına parlaq zinət vurur. Həm də bütün bunlar bir möcüzə kimi baş verir. Prezident İlham Əliyevin dediyi kimi: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var”...

 

Vəfa ALLAHVERDİYEVA

 



01.12.2021 | 10:30