NDU tələbələri Türkiyədə təcrübələrini uğurla başa vurublar

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq universitetin  tibb fakültəsinin tələbələri Türkiyədə yay istehsalat təcrübəsi keçiblər.

 

Türkiyənin 4 universitetində: Ərzurum Atatürk Universiteti, Trabzon Qaradəniz Texnik Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Kayseri Erciyes Universitetinin kliniki xəstəxanalarında iyulun 2-dən 13-ə qədər davam edən təcrübədə  ümumilikdə 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Tələbələr hər gün qruplar üzrə cərrahiyyə, pediatriya, təcili tibbi yardım, ginekologiya və terapiya bölümlərində  praktik məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin “Oftalmologiya”, “Qulaq-burun-boğaz xəstəlikləri”, “Dermatologiya” ixtisasları üzrə resident-həkimləri bilik və bacarıqlarını artırıblar.

 

Qeyd edək ki, NDU ilə Qaradəniz Texnik Universiteti arasındakı müqaviləyə əsasən tələbələr bu il ilk dəfə olaraq Trabzon şəhərində təcrübə kursu keçiblər. Həmin universitetin  tibb, əczaçılıq və stomatologiya fakültələrinin professor-müəllim heyətinin növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində dərs demələri üçün qarşılıqlı anlaşma əldə edilib. Tələbələr təcrübə dövründə eyni zamanda olduqları şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı əldə  ediblər.

 

Məlumat üçün onu da bildirək ki, universitetin ”Baytarlıq” ixtisasının tələbələri hazırda Qars Qafqaz Universitetində təcrübə kursu keçirlər.

 

 



18.07.2018 | 16:31