Mingəçevir Dövlət Universitetinin layihəsi qranta layiq görülüb

Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi üçün təqdim edilən “Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qaliblər siyahısında yer alıb.

 

Mingəçevir Dövlət Universitetində (MDU) sözügedən layihənin təqdimat mərasimi keçirilib. Təqdimatda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov Təhsil Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin universitetlərdə beynəlxalq akademik mobilliyin artırılması, elmi potensialın gücləndirilməsi və ali təhsilin məzmununun yenilənməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

Kiber təhlükəsizliyi sahəsi üzrə təhsilin önəminin artdığını və bu məqsədlə MDU-da müvafiq ixtisaslar üzrə mövcud bazanın gücləndirilməsi, yeni ixtisasların yaradılmasının nəzərdə tutulduğunu vurğulayan Ş.Bayramov layihənin sözügedən sahədə kadr hazırlığının daha keyfiyyətli, səmərəli həyata keçirilməsinə, rəqabətqabiliyyətli ali təhsil xidmətlərinin göstərilməsinə töhfə verəcəyinə əminliyini bildirib, layihə iştirakçılarına uğurlar arzulayıb.

 

Sonra layihənin rəhbəri, MDU-nun qonaq professoru Ercan Nurcan Yılmaz universitetə qrant qazandıran bu təşəbbüsün əhəmiyyəti, başlıca hədəfləri, görüləcək işlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

 

Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədlərini kiber təhlükəsizlik və bütövlükdə İT təhsili sahəsində MDU-nun potensialının artırılması, sözügedən istiqamətdə müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssis-mühəndislər hazırlanmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən müasir təhsil modelinin yaradılması, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kiber təhlükəsizliklə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi təşkil edir.

 

Layihə çərçivəsində ən azı 4 müvafiq fənn üzrə proqram və sillabusların hazırlanacağı, akademik heyət üzvlərinin təlimləndirilməsi və sertifikatlaşdırılmasının həyata keçiriləcəyi, tədris, tədqiqat prosesi üçün müvafiq platformanın, server və qovşaqların yaradılacağı, tədris vəsaitlərinin və maarifləndirici təbliğat kitabçalarının hazırlanıb dərc ediləcəyi və digər işlərin görüləcəyi qeyd edilib.

 

Bildirilib ki, ümumi büdcəsi 55 min manata yaxın olan sözügedən layihənin icra müddəti 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Layihə cari tədris ilində MDU-da fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ercan Nurcan Yılmazın birbaşa rəhbərliyi ilə icra olunacaq.

 



29.11.2021 | 17:59