Futzal üzrə ölkə çempionatı keçirilir

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarına start verilib. Yarışlar Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

 

22-si Bakı, 11-i ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 24 dekabr 2021-ci il tarixində yekun vurulacaq.

 

Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Sonrakı mərhələlər play-off, yarımfinal və final oyunlarını əhatə edir. AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq oyunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək.

 

Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 4 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən yaxşı oyunçu” və “Ən intizamlı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

 

Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Həmçinin ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçiminin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.

 



29.11.2021 | 15:02