“Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri”

Sumqayıt Dövlət Universitetində (SDU) “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransda SDU-nun professor - müəllim heyəti ilə yanaşı, bir çox  ali məktəblərin alimləri, elmi tədqiqat institutları və istehsalat müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov konfransın əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkə iqtisadiyyatının tənzimlənməsində elektroenergetika sənayesinin çox böyük əhəmiyyəti vardır. Dövlətin iqtisadi gücünü və əhalinin yaşayış tərzini müəyyən edən əsas göstəricilərdən biri energetika sənayesinin inkişafıdır. Elektroenergetika sənayesinin bugünkü səviyyəsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Onun müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib:”Hər il yeni-yeni stansiyalar, yarımstansiyalar inşa edilir,o cümlədən ölkənin işğaldan azad olunmuş torpaqlarında bir il ərzində Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda yüksək gərginlikli yarımstansiyalar və Tərtərdə “Suqovuşan-1”, “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulub.Yaradılmış və yenilənmiş stansiya və yarımstansiyalarda innovasiyalı texnologiyalar tətbiq olunur. Azərbaycan iqtisadiyyatının yeni səviyyəyə keçməsi ilə əlaqədar rəqəmsal təhsil texnologiyalarının tətbiqi, eləcə də davamlı kadr hazırlığında məzunların rəqəmsal iqtisadiyyatda tələb olunan kompetensiyalara cavab verməsi aktual məsələdir”.

 

Prorektor onu da qeyd edib ki, mühəndis hazırlığında əsas amillərdən biri tələbələrin nəzəri biliklərlə yanaşı, təcrübəyə yiyələnmələridir:”Elə bunu nəzərə alaraq bəzi müəssisələrdə universitetimizin kafedralarının filialları açılıb və tələbələr həftədə bir dəfə həmin filiallarda məşğələ dərsləri keçirlər. O cümlədən, tələbələrin əyani vəsait kimi istifadə etmələri üçün universitetin həyətində açıq səmada Tədris Muzeyi və 110kV-luq Tədris Poliqonu yaradılıb”.

 

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının  Fizika İnstitutunun baş direktoru Arif  Həşimov, həmin institutun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri Vəli Hüseynov,  Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli,  “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin direktoru Xəndan Əhmədov, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun  Elektroenergetikanın perspektiv inkişafı şöbəsinin rəisi, dosent Valeh Nəsibov, SDU-nun fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova çıxış edərək ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən, qarşıda duran hədəflərdən və Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələlərindən danışıblar.

 

Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcək.

 



26.11.2021 | 15:15