YAP – dünənin, bu günün, sabahın partiyası

Yeni Azərbaycan Partiyası (YAP) siyasi səhnəyə 29 il bundan əvvəl gəlmişdi. O zaman tarixin son dərəcə ağır və keşməkeşli günləri idi. 1988-ci ildən başlayaraq, milli məsələlər önə çıxmış, müstəqillik məsələsi aktuallıq qazanmış, anti-Rusiya meylləri güclənmiş, o zamankı hakimiyyətin səriştəsizliyi və xəyanətkarlığı ucbatından Azərbaycan qorxunc bir xaosa sürüklənmişdi. Azərbaycan olduqca ciddi sınaqlardan keçirdi. Siyasi böhranın nəticəsində tarixi torpaqların ard-arda erməni işğalına düşməsi təhlükəsi yaranmışdı. Çıxış yolları tapmaq mütləq idi. O zaman bir qrup Azərbaycan ziyalısı öz təşəbbüsü ilə meydana girdi, yeni bir siyasi partiyanın yaradılmasına, xalqın güclü liderinin ona rəhbərlik etməsinə ehtiyac olduğunu bildirdi. Bu müdrik şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyev idi. Ziyalılar qətiyyətlə ifadə edirdilər ki, bu böyük siyasi xadimin, zəngin dövlət idarəçilik təcrübəsi olan insanın ətrafında birləşmək mütləqdir.

 

Azərbaycanın taleyi üçün vacib olan bu proses “91-lər”in müraciəti ilə başladı. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı.

 

Ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verdi, Heydər Əliyev partiyanın Sədri seçildi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyasının təşəkkülü belə baş verdi.

 

Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu.

 

Ulu Öndər Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, “Dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

 

Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə xalqımızın bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.

 

Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli, uğurlu yol keçdi və keçməkdə davam edir.

 

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

 

Yeni Azərbaycan Partiyası demokratik prinsiplər və ideyalara sadiq qalan bir partiyadır. Konstitusiya və qanunvericilik çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

 

Partiyanın VII Qurultayı toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyənləşdirib.

 

Məqsəd budur ki, görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib.

 

Sözsüz ki, davamlı islahatlar kursunun aparılması vacibdir. Sürətlə dəyişən reallıq və yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir yeni mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.

 

Hakim partiya əməkdaşlığa daim açıqdır, qarşısındakı vəzifələrdən biri kimi partiyalararası siyasi dialoqu stimullaşdırmağa diqqət ayırır. Çünki siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi, onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Əminik ki, 29 yaşlı YAP qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da uğurla gələcək.

 



21.11.2021 | 10:30