Daim axtarışda olan müəllim | |
Pedaqoji fəaliyyəti ilə seçdiyi peşənin şərəfini qorumağa səfərbər olan Afət Zülfiqarova qabaqcıl müəllimlərdəndir. O, 1996-cı ildə ADPU-nun İbtidai təhsilin metodikası və pedaqogikası fakültəsini bitirib. İlk əmək fəaliyyətinə vaxtilə oxuduğu Bakıdakı 204 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. Hazırda da bu təhsil müəssisəsində kiçik yaşlı uşaqlara dərs deyir.
Balaca fidan balalarla işləmək asan olmasa da, o, şagirdlərin və valideynlərin dərin hörmətini qazana bilib. Dərs dediyi sinfin bilik səviyyəsi həmişə yüksək olub.
Afət müəllim dərslərində fəal və interaktiv metodlardan bacarıqla istifadə edir. O, pedaqoji fəaliyyətində belə bir fikri tez-tez təkrarlayır: “Hər bir müəllim dərsinin səmərəli keçməsi üçün yorulmadan yeni forma və metodlar axtarmalı və fəal təlim texnologiyalarından bacarıqla istifadə etməlidir”.
Afət müəllim təlim-tərbiyə işində uğur qazanmaq üçün dərs dediyi şagigirdlərin valideynləri ilə hər gün əlaqə saxlayır, onların istək və arzularını dinləyir. Vaxtlı-vaxtında valideynlər yığıncağı keçirməyi daim diqqət mərkəzində saxlayır.
A.Zülfiqarova məktəbin içtimai həyatında da fəal iştirak edir. O, dəfələrlə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə və fəxri fərmanlar alıb.
Bəli, xalq arasında belə bir deyim var. Müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim böyük rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir.
Ona görə də Afət Zülfiqarova yaxşı müəllim adını saxlamaq üçün daim axtarışdadır. Boş vaxtı olarsa, onu ancaq məktəbin kitabxanasında görmək mümkündür.
Noyabrın 18-də Afət müəllimin doğum günü idi. Bu münasibətlə onun yaxınları ilə bərabər, şagirdləri də sevimli müəllimlərinə təbriklərini çatdırdılar.
Biz də bu təbriklərə qoşulub, Afət müəllimə pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Şakir CƏFƏROV
|
|
20.11.2021 | 14:11 | |
|
|
|