Hüseyn Cavid müəllim və məktəb haqqında

Həyatını millətinin, xalqının səadəti yolunda sərf edən, özünü bu yolda qurban verən insanlar əbədiyyət qazanırlar. Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın banisi, görkəmli romantik sənətkar, dünya şöhrətli dramaturq Hüseyn Cavid kimi. Onu yeni epitetlərlə təqdim etməyə heç bir ehtiyac yoxdur. Bədii əsərlərində əks olunmuş fikirlər onu oxucu və tamaşaçıları ilə ünsiyyət zamanı daim ucada saxlayır, Cavid sevərlərin sayını artırır, yeni-yeni nəsilləri onunla görüşdürür. Belə görüşlər nəticəsində bu qeyri-adi sənətkarın düşüncəsinin yeni qatları üzə çıxır, izləyicilərini öz arxasınca çəkib aparır.

 

Bizim də bu yazıdakı qeydlərimiz şair, filosof və müəllim H.Cavidin məktəb, xalqın maariflənməsi, təhsil, tərbiyə və s. məsələlərlə bağlı görüşlərinə əsaslanır. H.Cavid müəllim idi. Bir müddət Bakı Dövlət Universitetində, sonralar isə Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyət göstərmişdir. Uşaq yaşlarından elmin, maarifin çətin yollarından keçməsi, mükəmməl təhsil alması zaman keçdikcə onu bu sahəyə dair qiymətli fikirlərin müəllifi kimi tanıdırdı.

 

Məşhur tənqidçi, ədəbiyyatşünas və gözəl müəllim Abdulla Surun (Abdulla Məmmədzadənin) vəfatı ilə bağlı məqaləsində yazırdı: “Müəllim nədir? Yaponiyanın qəyur və qəhrəman milləti Mikadonun şərəfinə deyil, Yaponiya müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər... Onlarca (onlara görə - H.Ş.) Yaponiyanın tərəqqisi, oyanıqlığı həp, həp müəllimlər sayəsində olmuşdur. Almaniyada da hakəza (prins Bismark) bütün alman ünsürünün tərəqqisini müəllimlərdə görür və onlardan bəkləyir”.

 

20-ci əsrin əvvəllərində deyilmiş həmin qiymətli fikirlər bir əsrdən sonra da milli inkişaf naminə müəllimlərin üzərinə düşən vəzifələrin nə qədər ciddi olduğunu göstərir. Böyük maarifçi bununla Azərbaycan (türk) balalarının tərbiyəsi, millətin dirçəlişi və tərəqqisi məsələsində onları həmin məsuliyyəti dərk etməyə çağırırdı.

 

Müəllim, Cavid əfəndiyə görə, hər cür diqqətə və hörmətə layiq olan insandır. Müəllim şərəfli bir şəxsiyyətdir. Cəmiyyət onun qayğısına qalmalı və ağır əməyini qiymətləndirməlidir. Müəllim haqqında düşüncələrini qələmə alarkən H.Cavid tarixə müraciət edir. O, müasirlərinin və oxucularının nəzərini maraqlı faktlara cəlb edir: Abbasi xəlifələrindən Harun ər-Rəşid ölkəsinə bir riyaziyyat və hikmət müəllimi gətirməkdən ötrü Bizansla müharibə etmiş, qalib gəldikdən sonra təzminat kimi həmin müəllimi tələb etmişdir. Böyük sənətkar bu fakta toxunmaqla  müasirlərinə, valideynlərə, dövlət və ictimai təşkilatlara müraciət edərək müəllimləri qayğı və diqqətlə əhatə etməyi tövsiyə edirdi. Öz zəmanəsində müəllimlərin həyat tərzi, sosial-iqtisadi vəziyyəti haqqında publisistik yazılarla dəfələrlə çıxış edirdi. Həyatını millətin xoşbəxtliyi və səadəti üçün sərf edən müqəddəs peşə sahiblərinə diqqət göstərməyə çağıran həyəcan dolu yazılarından birində ictimaiyyətə ünvanlanmış emosional ruhlu müraciətlərindən biri aşağıdakı kimidir:

 

“Əfəndilər!  Möhtərəm qarelər!

 

Müəllimlərə hörmət ediniz, onları seviniz, onları çox böyük görün, əvət, onları özünüzə əfəndi biliniz!..”.

 

H.Cavidə görə, müəllim qeyri-adi bir şəxsiyyətdir. O, müqəddəs bir işlə-insanların təlim-tərbiyəsi ilə məşğuldur.Onlar daim hörmətlə qarşılanmalı, uca tutulmalıdır. O, məqalə və çıxışlarında  müəllimlərin də qarşısında müəyyən tələblər qoyurdu. Müəllim hazırlığında şəxsi çalışmaların roluna çox böyük əhəmiyyət verirdi. Maarifpərvər ziyalı Qurbanəli Şərifzadənin ölümü münasibətilə yazdığı nekroloqdan  götürdüyümüz aşağıdakı sətirlər bunu bir daha təsdiq edir: “O, (Qurbanəli Şərifzadə nəzərdə tutulur - H.Ş.) məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi. Həm də müəllimlərdən artıq məlumata malik idi. Heç bir mədrəsə təhsili görmədiyi halda mərhum öz himmət və qeyrətilə, öz səbat və mətanətilə türkcə, rusca, farsca oxuyur, yazırdı”.

 

Ədib Naxçıvanda “Məktəbi-tərbiyə”də oxuyarkən dərs aldığı böyük maarifçı M.T.Sidqiyə sonralar yazdığı məktublarında da öz müəlliminə böyük ehtiramla yanaşır, onu “böyük ustad”, “cəlallı atamız”, “izzətli başçı” adlandırırdı.

 

O, təlim-tərbiyə prosesində müəllimin əvəzsiz rolundan danışarkən belə bir fikrə gəlir: “Ciddi müəllim çox şərəfli, çox böyük bir simadır”. Bu fikir nəinki öz dövründə, həm də bütün zamanlar üçün müəllim hazırlığında öz dəyərini saxlayan əsas məsələlərdən sayılır.

 

H.Cavid pedaqoji qeydlərinin başqa birində müəllim haqqında düşüncələrini ümumiləşdirərkən belə bir maraqlı fikir irəli sürür: “Hər bir məsələdə olduğu kimi, təlim-tərbiyə üçün də hər müəllimdə azacıq istedad lazımdır”. Göründüyü kimi, bu mülahizə hazırda müasir və müstəqil Azərbaycanımızın təhsil qurucuları olan müəllimlər üçün daha zəruri olan bir keyfiyyəti əks etdirir. Müəllim şagird dünyasına daxil olmağı bacarmalı, şagirdin hiss və həyəcanlarını duymalı və düzgün istiqamətləndirməlidir. Şagirdə təlim əməyini sevdirməlidir, onu  bu prosesə alışdırmalıdır. Bundan ötrü isə müəllimdən, doğrudan da, gərgin zəhmət, müəyyən istedad tələb olunur. Bu ağır və zəhmətli işə tab gətirmək üçün o, müəllimlərə çağırış  edirdi:

 

“Ey müəllimlər! Ey möhtərəm əfəndilər! Sizlər, sizlər əsla millətimizin bu etinasızlığına etina etməyiniz. Daima çalışın, çapalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə, seçiniz!..

 

Cənab - həqq çalışanların, fədakarların hamisidir. Əsla məyus olmamalı!” (“İqbal” qəzeti, 18 may 1912-ci il).

 

H.Cavidin pedaqoji fikirlərini əks etdirən əsərlərində məktəbin maddi-texniki bazası, quruluşu, şəraiti, sağlamlığa yararlılığı və s. məsələlərlə bağlı qeydlərə də rast gəlmək olar:

 

“Məktəblər səhhəti ixlal etməyəcək dərəcədə havalı yerlərdə yapılmalıdır. Pis, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxana, həbsxana, məzarıstan kimi yerlərə yaxlaşmamalıdır... Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çox olan yerlərdən həzər edilməlidir”.

 

Ədib “Həsb-hal” başlıqlı məqalələrindən birində yazırdı:

 

“Bir millətin tərəqqi-tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana düşürən Yaponiyanın bütün tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir”.

 

Öz millətini, ölkəsini dünyanın qabaqcıl ölkələri ilə bir sırada görmək istəyən böyük sənətkarın ən böyük arzularından biri də milli məktəblərimizin möhkəm əsaslar üzərində qurulmasından, ibtidai təhsilin təməl daşı olaraq möhkəm təşkilindən ibarət idi.

 

Müəllim-şagird münasibətləri H.Cavidin yaradıcılığında çox diqqət yetirilmiş məsələlərdən sayılır. Bu məsələ ədibin bədii əsərlərində diqqətəlayiq bir şəkildə öz əksini tapmışdır, məqalə və məktubları isə  məsələyə münasibətdə ədibin baxışlarını öyrənməkdə zəngin material verir. Bu baxımdan “Qız məktəbində” şeiri çox maraqlıdır. Şeirdə şagirdi  ilə son dərəcə mehriban, həlim, səmimi bir dillə danışan, müdrik bir insan təsiri bağışlayan müəllim:

 

- Quzum, yavrum! Adın nədir?

 

- Gülbahar... - tanışlığı sayəsində məktəbdən şəfqət və hərarət duyan bir uşaqla məhəbbətini bölüşür. Belə diqqət və qayğıdan sonra şagirdin müəlliminə necə bağlanacağını təsəvvür etmək çox asandır. Bunu zəngin ailədən olan qızcığazın cavabları, qarşılıqlı hörmət və təvazökarlığı, valideynlərinə hörmət və ehtiramı da sübut edir.

 

Bu əsərdən belə bir nəticəyə gəlirik: Uşaq qəlbinə, uşaq dünyasına öz məhəbbəti ilə daxil olmuş müəllimin suallarındakı mülayimlik, deyim tərzindəki  mehribanlıq şagirdlə müəllim arasında qırılmaz bir bağlılıq yaratmışdır.

 

Uzun illər ərzində müxtəlif zamanlarda qələmə aldığımız pedaqoji məzmunlu məqalələrimizin əsas qayəsi bundan ibarət olmuşdur ki, millətin taleyi onun məktəbindən keçir. Məktəblərimizin möhkəm milli və bəşəri əsaslar üzərində qurulması üçün isə eyni zamanda klassik irsimizə dərindən bələd olmalıyıq. Ulu sənətkarımız Hüseyn Cavidin bəzi pedaqoji düşüncələrini  araşdırmaq istəyimiz  də həmin zərurətdən irəli gəlmişdir.

 

Hüseyn ŞAHBƏNDƏYEV,

Əməkdar müəllim

 



20.11.2021 | 12:11