Nizami Gəncəvi yaradıcılığında insan konsepsiyası | |
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını öyrəndikcə həyat, kainat, cəmiyyət, təbiət, bir sözlə, elə bir sahə tapmaq olmaz ki, onun sirləri, mahiyyəti ilə bağlı müdrik düşüncələrin şahidi olmayasan. Bu nəhəng söz ustadının bütün irsinin mərkəzində insan, onun aliliyi, yüksək mənəvi ucalıq örnəyi nümunələrinin yaradılması onu təkcə öz xalqının deyil, ümumbəşəri sənətkar zirvəsinə ucaltmışdır. İstər lirik, istərsə də zəngin epik irsi ilə böyük ustad müxtəlif problemlərə fərqli həyati əhvalatları əsasında, rəngarəng insan obrazları vasitəsilə münasibət bildirmiş və onların həlli yollarına çalışmışdır.
Bir sözlə, öz nəfsinə sahib olan,vəfalı, etibarlı, kin-küdurətdən uzaq, dostluqda mötəbər, öz halal əməyi ilə yaşayan, başqalarına ehtiramla, bütün insanlığa sevgi, sayğı ilə yanaşan qəlbi məhəbbətlə dolu insan məhz Nizami idealının, Nizami amalının əsas obyekti olmuşdur. Nizami irsinin tədqiqatçılarından olan professor X.Əlimirzəyev bu böyük zəngin irs haqqında yazırdı: “Bu nəhəng söz və sənət korifeyinin yaradıcılığı nadir hadisədir, Tanrının və təbiətin insanlığa bəxş etdiyi möcüzədir. Möcüzə isə hikmətdən gələn bir sirr olduğu üçün onu tam və hərtərəfli açmaq, öyrənmək, şərh etmək müşkil məsələdir”.
Bu yazımda dahi sənətkarın yaradıcılığında əks olunan pedaqoji görüş, əxlaq, etik mədəni davranışla bağlı düşüncələrimi bölüşmək istərdim. Azərbaycan pedaqoji fikir tarixində Nizami Gəncəvinin xidməti əvəzsizdir. Bütün əsərlərinin, yaradıcılıq idealının əsasını təşkil edən tərbiyə və onun ən kiçik detallarını müxtəlif həyati materiallardan götürüb obrazların dili ilə kamilləşdirən ustad sənətkar ilk öncə tərbiyəyə gedən yolun gövhərini ağıl, idrakla bağlayır. Ağıl, idrak isə zəngin elmi biliklərlə əldə edilir. Hər bir kəs kamillik yoluna müxtəlif elm sahələrinə aid bilgilərlə çıxa bilər. Dövrünün bütün elmlərini mükəmməl bilən dahi söz ustadının söz xəzinəsi təkcə ədəbiyyatın yox, bütün elmlərin tədqiqat obyekti olması təsadüfi deyil:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ...
...Oxudum,oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dür çıxardım.
Dahi sənətkarın istər qəzəllərində, istərsə də rübailərində əxlaqi-tərbiyəvi, nəsihətamiz fikirlər diqqəti cəlb edir:
Yəmən ərəbinin baxdım qəbrinə,
Çıxarıb bir kəfən o verdi mənə.
Dedi ki, gülmə sən səxavətimə,
Dünyadan köçərkən bu çatıb mənə.
Bu misralarda gənc nəslə gözütoxluq, insan ömrünün əbədi olmadığı və yalnız bu dünyada yaxşı əməllər sahibi olması kimi dəyərlər aşılayan şair qəzəllərində də vəfa, etibar, sədaqət keyfiyyətlərinin önəmli olmasını, insanın dəyərinin onun nəcabəti, idrakı ilə ölçülməsi fikrini tərənnüm etmişdir.
Lirik əsərlərində irəli sürdüyü düşüncələr onun epik yaradıcılığında daha da dərinləşdirilmiş və konseptual bir mahiyyət kəsb etmişdir. İlk poeması “Sirlər xəzinəsi”ndən başlayaraq sənətkar sonralar bütün yaradıcılıq idealına işıq salan əxlaqi, estetik düşüncənin təməlini qoymuşdur. Burada əxlaqi-mənəvi dəyərlərə münasibət bildirən dahi mütəfəkkir müxtəlif mövzulu hekayələrdə öz fikirlərini real səhnələrlə əyaniləşdirib sübuta çalışmışdır. “Yaralı uşağın dastanı” hekayəsində yoldaşı öz yaralı dostunu quyuya atmaqla “onu gözləyən təhlükədən” bunu çıxış yolu hesab edir. Əslində isə bunun arxasındakı ən böyük təhlükəni: Yalan danışmağın acı aqibətini, bir insan ömrünün məhvinin doğurduğu fəlakəti görməyən gənclərə üzünü tutan sənətkar həmişə çətin məqamlarda hisslə deyil, ağılla çıxış yolu axtarmağın vacibliyini diqqətə çatdırır . “Kərpickəsən kişinin dastanı” hekayəsində isə: Əməkçi insanın simasında heç kimdən asılı olmamaq, fikirləşib danışmaq kimi pedaqoji-əxlaqi keyfiyyətləri təbliğ edir.
“Xosrov və Şirin” poemasında insanın mənəvi təkamülündə sevginin rolunu göstərən sənətkar əsl insani münasibətlərin məhz qarşılıqlı inam, hörmət, sevgi üzərində qurulduğunu ifadə edərək Şirinin simasında mənəvi dəyərlərə məhəbbət aşılayır.
“Leyli və Məcnun” poemasının əvvəlində oğlu Məhəmmədə nəsihət edən şair burada elm, onun əhəmiyyəti haqqında fikirlərini vurğulamaqla peşə seçimində diqqətli olmağı, hər bir işi mükəmməl bacarmağı, kamal, elm sahibi olmağı məsləhət görərək həyatda ucalığın yeganə yolunun məhz yüksək idrakdan keçdiyi məramını ifadə etmişdir. Nizami bu əsərində məktəblə bağlı da maraqlı məqamlara toxunmuşdur. Orta əsrlərin mühafizəkar qanunlarından fərqli olaraq ustad sənətkar dünyəvi bir məktəb mühiti ilə bağlı görüşlərini qələmə almışdır: bu məktəbdə qızlarla oğlanlara fərq qoyulmadan eyni bir məkanda təhsil alması insanların arasındakı ayrı-seçkilik, qadının hüquqlarının müdafiəçisi kimi sənətkar yanaşması dərin rəğbət doğurur. Poemada maraqlı məqamlardan biri “Şah və xidmətçi” hekayəsidir ki, Nizami adi xidmətçinin dili ilə şər əməlləri tənqid edərək sədaqət, vəfa kimi keyfiyyətlərin əbədiliyini ifadə etmişdir.
“Yeddi gözəl” poemasında yeddi qızın dilindən söylənilən hər bir hekayə də ibrətamiz, tərbiyəvi, öyrədici mahiyyəti ilə müdriklik ifadə edir. “Xeyir və Şər” hekayəsində insan xislətindəki kin, paxıllıq hissinin ona gətirdiyi fəlakəti Şərin simasında ümumiləşdirən dahi mütəfəkkir hər kəs əməlinə uyğun qismətini alır ideyasını ifadə etməklə yetişən nəsildə bu kimi keyfiyyətlərdən uzaq durmaq tələb olunur. Bəhramın təbiətindəki biganəliyn onun ağır fəlakətlərlə nəticələnməsini ustalıqla verən ədib hər bir insana daim ayıq olmasını, heç zaman öz ayıqlığını itirməməsini tövsiyə edir. Burada Bəhramın müəllimi, ona müxtəlif dillər öyrədən Mənzərin simasında Nizaminin əsl müəllim idealı, müəllim haqqında düşüncələri əks olunmuşdur. “İsgəndərnamə”də isə dahi ədib bütün yaradıcılığı boyu qarşısına qoyduğu yaradıcılıq idealını ümumiləşdirmişdir. Dünya fatehi İskəndər obrazı ilə sənətkar öz arzuladığı ideal insan obrazını yaratmışdır. Niqumaş kimi alim-müəllimdən təhsil alan, hər bir çətin anında sinif yoldaşı Ərəstu ilə məsləhətləşən İskəndərin uğur yolu məhz ustadlarına olan inamın nəticəsi idi. Öz müəlliminin nəsihətlərini uca tutan İskəndər ömrünün sonunda da müxtəlif xalqların təfəkkür xəzinəsi olan kitabları yunan dilinə çevirməklə elm adamlarını, dahi filosofları ətrafına cəmləşdirməklə insanlığın zəka qüdrətinin böyük qoruyucusu kimi nüfuz qazanmışdır.
Nizami yaradıcılığında müxtəlif obrazlar qalereyasında qadın qəhrəmanlar da öz novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Yetişən gəncliyə nümunə olan bu qadınlar mənəvi dünyalarının ucalığı, zənginliyi, vəfalı, etibarlı, cəsur təbiətləri ilə örnək olacaq bir əxlaq, tərbiyə məktəbidir. Şirin nəinki öz sadiqliyi, mənəvi dönməzliyi ilə həm də çövkan oyununun mahir ustası, dövlət idarəçiliyində əsl səriştə nümayiş etdirən təbiətilə qadını cəmiyyətin fəal üzvü kimi yüksək ideallıqla təmsil edir.
Əhsən bu ölümə, əhsən Şirinə!
Öldürən Şirinə, ölən Şirinə
- deyə onu alqışlayan filosof şair əsl insanlığın təkcə cismlə deyil, mənəvi ucalıqla ölçüldüyünü ifadə etmişdir.
Nizami yaradıcılığı bitib-tükənməyən bir xəzinədir. Bu xəzinənin qapısından daxil olmağı bacaran oxucu onun sehrindən sadəcə heyrətlənməyə bilmir. Nizami dühası yetişən nəslin tərbiyəsində əvəzsiz örnək kimi əsrlərdən bəri süzülüb gəlir. Məhz dahi şəxsiyyətin zəngin irsinin bəşəriyyət, yetişən nəsil üçün önəminin mahiyyətindən irəli gələrək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami İli”elan etməsi təsadüfi deyildir. Hər birimiz bu nəhəng korifeyin söz xəzinəsindən bəhrələnsək və bunu yetişən nəsilə aşılaya bilsək, dünyamızı xeyirli, nurlu əməllərimizlə işıqlandırar, qəlblərdə mərhəmət, ləyaqət, humanizm alovları şölələndirməklə bəşər cəmiyyətindən pisliklərin, şər əməllərin xilasına xidmət etmiş olarıq.
Bikə ALLAHVERDIYEVA, Abşeron Rayonu İlqar Yusifov adına Görədil kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim”, “Ən yaxşı pedaqoji mühazirə”nin qalibi
|
|
20.11.2021 | 11:10 | |
|
|
|