ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi | |
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Davamlı inkişaf hədəfləri” adlı 1-ci Beynəlxalq Yay Məktəbi başlayıb. Bu münasibətlə universitetin 2 nömrəli tələbə evinin akt zalında açılış mərasimi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları salamlayaraq, ilk dəfə keçirilən məktəbin fəaliyyətinə uğurlar arzulayıb. Rektor bildirib ki, məktəbin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin tələbələrini bir yerə toplamaqla, davamlı inkişaf hədəflərini, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə etməkdir. 2018-ci ilin 16-28 iyul tarixlərində keçiriləcək məktəbə ölkəmizin 7 və xarici dövlətiərin 12 ali təhsil müəssisəsindən 34 tələbə iştirak edir.
Məktəbin iştirakçıları universitetin Tələbə evində yaşayış yeri ilə təmin olunublar. Qeyd olunub ki, ADAU-nun maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması təhsil müəssisəsinin beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilməsinə səbəb olur.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdıran Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resursları Departamentinin direktoru Elvin Paşayev ölkəmizdə aqrar sahənin, aqrar elm və təhsilin inkişaf istiqamətlərindən, qarşıda duran prioritet vəzifələrdən danışıb, yay məktəbinin iştiraçlılarına uğurlar arzulayıb.
Tədbirdə Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə, AMEA Gəncə Regional Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək yay məktəbinin təşkilinin əhəmiyyətindən və ADAU-nun beynəlxalq səviyyədə tanınmasında rolundan danışıblar.
Yay məktəbində davamlı inkişaf hədəflərinə dair məsələlər müzakirə olunmaqla yanaşı, iştirakçılar üçün ölkəmizin füsunkar yerlərinə, regionda yerləşən fermer təsərrüfatlarına, Region Aqroparka, Qəbələ Heyvandarlıq Kompleksinə və digər yerlərə turlar təşkil olunacaqdır.
Tədbirin təşkilində göstərdikləri dəstəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, “Aztexnika” və “Grand Motors” şirkətlərinin rəhbərlərinə təşəkkürünü bildirən rektor deyib ki, bu, ölkədə müəssisə və təşkilatlar tərəfindən ADAU-da rəqabətədavamlı mütəxəssis hazırlığı istiqamətində aparılan işlərə inam və etimadın nəticəsidir.
Sonra məktəbin iştirakçıları çıxış edərək məktəbin təşkilinə görə minnədtarlıqlarını, burada müzakirə olunacaq məsələlərdən faydalanacaqlarını və ölkəmizi daha yaxından tanıyacaqlarını, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin əhəmiyyətini, təmsil etdikləri ali təhsil müəssisələrinin ADAU ilə əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.
|
|
17.07.2018 | 12:29 | |
|
|
|