Türk coğrafiyasının birləşməsi xəyaldan gerçəkliyə çevrilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyədə keçirilən VIII Zirvə Görüşü Türk dünyasında möhtəşəmliyi ilə seçilən və fəxarət hissi yaşadan tarixi hadisə kimi yaddaşlara əbədi həkk oldu. 

 

Birincisi, ona görə ki, keçmişdəki arzularımızın-Türk millətinin təmsilçiləri olan dövlətlərin də bir birliyi olsun, - şəklindəki xəyallarımızın reallığa çevrildiyi səhnə var idi qarşımızda. Faktdır ki, türkdilli ölkələrin təmsil olunduğu Şuranın sıraları getdikcə genişlənir: Türkiyənin, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın başlatdığı bu əməkdaşlığa Özbəkistanın qoşulmasından sonra müşahidəçi qismində Macarıstanın buraya inamlı addımlar atması, həmçinin müşahidəçi qismində Türkmənistanı bu formatda görmək, onların hamısını bir arada seyr etmək olduqca gözəl duyğular yaradır. Üstəlik, Şuranın bu zirvədən etibarən bir təşkilat modelində - Türk Dövlətləri Təşkilatı kimi çıxış etməyə başlaması son dərəcə dəyərli bir nəticədir. Bu, o deməkdir ki, 2009-cu ildən bəri bu ideya istiqamətində əhəmiyyətli məsafə qət olunub. Dörd dövlətlə bünövrəsi qoyulan birliyin sıralarında indi yeddi dövlət təmsil olunur. Yəni, bu dövlətlərin bir-birinə sıx bağlanması yaxın keçmişdə xəyal idisə, bu gün bir gerçəklikdir! Bu baxımdan, Zirvə Görüşünün xoş həyəcanını və qürurunu yaşayırıq.

 

İkincisi, ona görə möhtəşəm tədbir idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın azad edilməsi üçün göstərdiyi səylərə və Türk birliyinin daha da güclənməsi işinə verdiyi töhfələrə görə Türk Dünyasının Ali Ordeni ilə mükafatlandırıldı. Bu, xalqımıza, onun liderinə verilən dəyərin təntənəsi idi...

 

Aydın məsələdir ki, Türk dünyasının mərkəzində dayanan güclü dövlət Türkiyədir. Türk dövlətləri arasındakı əlaqələrin möhkəmlənməsi, birgə əməkdaşlıq da Türkiyənin nüfuzu sayəsində gerçəkləşir. Çünki Türkiyə son illər təkcə bölgədə yox, dünya miqyasında ciddi söz sahibinə çevrilib. Türkiyə türkdilli  dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəminin,təməlin mövcudluğuna inanaraq, ortaq köklərimizə, dilimizə, dinimizə və ortaq maraqlarımıza dayanaraq bu yola çıxıb, artıq inamla demək mümkündür ki, bu birliyi yaratmağa müvəffəq olub. Prezident Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, Şimali Kipr Türk Cümhuriyyətinin də bu sırada olmasına güclü istəklər var və bu arzunun reallaşmasını hamı intizarla gözləyir. Ona görə intizarla ki, bu təşkilat yalnız siyasi, iqtisadi maraqların uzlaşdırılması, ortaq mədəni əlaqələrin qurulması demək deyil, daha dərin məna daşıyır-bu birlik bir könül birliyidir; Türk millətinin qəlbinin birlikdə atmasıdır ki, hamının burada olması bu qədim millətin mənafeyinə,  gücünün artmasına, gələcəyinin bərabər inşasına, ən əsası, bütünləşməsinə xidmət edən amildir. 

 

VIII Zirvə Görüşündə diqqət mərkəzində Azərbaycanın  və onun rəhbəri İlham Əliyevin olması da təsadüfi deyildi. Azərbaycan həm 30 illik münaqişənin düyününü öz gücü ilə açaraq ərazi bütövlüyünü bərpa etmiş bir dövlətdir,  həm də müharibənin sona çatması ilə bölgədə bir çoxlarına əməkdaşlıq qapısı açmış ölkədir. Etiraf etməliyik ki, Türkiyənin Azərbaycana dəstəyi təkcə müharibənin müsbət sonluğunu gətirmədi, həm də haqqında danışılan Türk Dövlətləri Təşkilatının yeni adının formalaşmasına, bu qurumun cazibəsinin artmasına da təsir göstərdi. Qarabağın azadlığı, müharibənin nəticələri Zəngəzur dəhlizi ideyasının reallaşmasına nəfəs verdi, Türkiyə-Azərbaycan  və Mərkəzi Asiyanın türkdilli dövlətlərinin bir-birinə bağlanması layihəsini aktuallaşdırdı. Hazırda bu dəhlizin türkdilli dövlətlərə uzanan yolunun sağlam təməllər üzərində salınması üçün ortada sarsılmaz iradə, ürəklə sərf olunan əmək var.

 

Ötən əsrin əvvəllərində Türk coğrafiyasını bir-birindən aralı salmaq hiyləsinin sonucu Zəngəzurun Ermənistana birləşdirilməsi idi. Bir əsr sonra isə yeni reallıq, yeni fürsətlər ortaya çıxıb: Türk coğrafiyasının qovuşması, bir-birinə bağlanması fürsəti.

 

Məsələ təkcə Türk coğrafiyası da deyil. Bu coğrafi trayektoriya bütün qonşu ölkələri də faydalı əməkdaşlıq, etibarlı qonşuluq müstəvisinə çəkir. Bu, həm də sülh içərisində, təhlükəsiz bir çevrədə yaşamaq deməkdir. Bu gün bu xeyirxah işin, strategiyanın lokomotivi Türkiyə-Azərbaycandır. 

 

Qarabağın azadlığı məsələsi Türk Dövlətləri Təşkilatına necə güc verirsə, onun qarşısında necə böyük perspektivlər açırca, bu təşkilatın Qarabağla artan gücü də Ermənistanın və onun havadarlarının ərköyünlüyünü, təxribat xarakterli davranışlarını sözsüz ki, mənasızlaşdıracaq.  

 

Türk dövlətlərinin birliyi bölgəyə əsl sabitlik gətirəcək.

 

Vəfa ALLAHVERDİYEVA 

 



16.11.2021 | 12:20