“Xarıbülbül” Respublika Uşaq Rəqs Festivalının mükafatlandırma mərasimi

Noyabrın 11-də Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” Respublika Uşaq Rəqs Festivalının mükafatlandırma mərasimi keçirilib.

 

Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında keçirilən festivala 47 rəqs kollektivi olmaqla ümumilikdə 400-dən çox məktəbli qatılıb. Münsiflər heyəti tərəfindən “Milli rəqs” və “Vətənpərvərlik mövzusunda rəqs kompozisiyası” nominasiyaları üzrə 50 rəqs nömrəsinə baxış keçirilib və qaliblər müəyyənləşdirilib.

 

Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, yüksək ifa tərzi ilə seçilən 2 rəqs kollektivi münsiflər heyətinin xüsusi mükafatı ilə, festivalda fəal iştirak edən rəqs kollektivi diplomla təltif olunub, qaliblərə hədiyyələr təqdim olunub. 

 

Qeyd edək ki, festivalın məqsədi ölkəmizin möhtəşəm Qələbəsini qeyd etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq və onlarda hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, xalqımızın şanlı Zəfər tarixi haqqında məlumatları artırmaq, vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etmək, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folkloru ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq, gənc istedadları və uşaq rəqs kollektivlərini üzə çıxarmaqdan ibarət olub. 

 



12.11.2021 | 15:45