Elmə və təhsilə həsr olunmuş ömür

Ötən əsrin  səksəninci illəri idi. Aspiranturaya qəbul başa çatmışdı. Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə də bir nəfər aspirant  qəbul edilmişdi  - Piralı Behbudalı oğlu Əliyev. O, ədəbiyyatın tədrisi metodikası şöbəsinə təhkim olundu. Həmin zamanlar institut Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanırdı. Şöbələr fənlərin tədrisi metodikaları üzrə fəaliyyət göstərirdi. Yəni: Azərbaycan dilinin tədrisi metodikası şöbəsi,  kimya və biologiyanın tədrisi  metodikası şöbəsi, fizika və riyaziyyatın tədrisi metodikası şöbəsi və s.  Piralı müəllimin elmi rəhbəri pedaqoji elmlər doktoru, professor Şəmistan Mikayılov təsdiq edildi.

 

Piralı müəllim Füzuli rayonundan gəlmişdi. O, 1956-cı ilin  iyul ayının 17-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdu. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirərək, doğma Yağlıvənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdi. Adlı-sanlı  müəllim kimi tanınırdı. Nə şagirdlər, nə pedaqoji kollektivin üzvləri, nə də rayon maarif şöbəsinin rəhbərliyi onun məktəbdən, rayonun müəllimliyindən getməsini istəmirdilər. Fəqət Piralı müəllim qət etmişdi, elmin enişli-yoxuşlu yollarında  addımlamaq fikrindəydi. Tədqiqatlara qoşulmaq, alim olmaq üçün özündə dərin ehtiyac duyurdu.

 

Beləliklə, arzularının qanadlarında Bakıya gəlmişdi. Atalarımız demişkən: “Niyyətin hara, mənzilin ora”.

 

Tanış olduq. Bildim ki, Piralı müəllim öz fənninin gözəl bilicisidir, həm nəzəri, həm metodik hazırlığa malik ədəbiyyat müəllimidir. Onun tezliklə ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə alim kimi yetişəcəyinə şəkk-şübhəm qalmadı.

 

O vaxtlar ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə iki nəfər elmlər doktoru vardı: Şəmistan Mikayılov və Camal Əhmədov. İllər keçdi. Piralı müəllim 1988-ci ildə “Ədəbiyyatın tədrisi prosesində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi” (Azərbaycan ümumtəhsil məktəblərinin VIII-X sinif materialları əsasında) mövzusunda namizədlik; 2010-cu ildə “Azərbaycan ümumtəhsil məktəblərində klassik seir nümunələrinin tədrisinin nəzəri və praktik problemləri”  mövzusunda  doktorluq dissertasiyalarını müdafiə etdi. İndi respublikada ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə yalnız bir nəfər elmlər doktoru var - Piralı Behbudalı oğlu Əliyev.

 

Piralı müəllim 1984-cü ildən bizim institutda -Azərbaycan Respublikasının Təhsil İnstitutundadır (əvvəlki Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu). Qeyd etdiyim kimi, aspirant, elmi işçi, baş elmi işçi,Tərbiyə problemləri şöbəsinin müdiri olmuş,  hazırda Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiridir.

 

Vaxtilə mən də  Tərbiyənin ümumi problemləri şöbəsində çalışmışam. Piralı müəllim hələ aspirant olduğu illərdə.

 

SSRİ-yə daxil olduğumuz illərdə Moskvada Pedaqoji Elmlər Akademiyası fəaliyyət göstərirdi. Akademiyanın xeyli institutu vardı. Ötən əsrin 70-ci illərində SSRİ PEA-da yeni bir institut yaradıldı - Tərbiyə Problemləri İnstitutu. Bunu nəzərə alaraq, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda da Tərbiyənin ümumi problemləri şöbəsi təşkil olundu və müsabiqə elan edildi. Həmin zamanlarda mən Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində təyinatla ingilis dili müəllimi işləyirdim. Sənədlərimi təqdim edərək, müsabiqədən keçdim və yeni yaradılmış şöbəyə kiçik elmi işçi vəzifəsinə qəbul olundum. Namizədlik, doktorluq dissertasiyaları müdafiə etdim. İnstitutun Ali və orta ixtisas təhsili şöbəsinə müdir təyin olundum.

 

Tərbiyənin ümumi problemləri şöbəsinin ilk müdiri pedaqoji elmlər namizədi Mirzəağa Ağayev, sonralar Oruc Vəliyev və pedaqoji elmlər namizədi Ağadadaş Babayev oldu. Arada Tərbiyənin ümumi problemləri şöbəsi Pedaqogika nəzəriyyəsi və tarixi şöbəsi ilə birləşdirildi. İllər keçdi. Mən institutun elmi katibi oldum. Tərbiyə problemləri şöbəsi yenidən təşkil olundu və Piralı Əliyev onun müdiri təyin edildi.

 

Mənim elmi əsərlərimin əksəriyyəti tərbiyə məsələlərinə aiddir, hətta namizədlik və doktorluq dissertasiyalarım da.

 

Piralı müəllim Tərbiyə problemləri şöbəsinə müdir təyin olunandan sonra ədəbiyyatın tədrisi metodikası ixtisasından daha çox tərbiyə məsələlərinə aid elmi məqalələr, tərbiyə proqramları, monoqrafiya, kitab və kitabçalar yazdı. Diqqət edək: “Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi”, “Təhsil müəssisələrində tərbiyə işinin təşkili”, “Sinif rəhbərinin valideynlərlə əlaqəli işinin təşkili sistemi”, “Ümumtəhsil məktəbləri üçün tərbiyə proqramı”, “Məktəblilərin tərbiyəsi: problemlər, perspektivlər” və s.

 

Piralı müəllim elmi tədqiqatla məşğul olmaqla yanaşı ali və ümumtəhsil məktəblərində də ədəbiyyat fənnini tədris etmişdir və etməkdədir. Uzun müddət Bakının Suraxanı rayonunun 282 və 290 nömrəli məktəblərində, eyni zamanda “ERA” tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə müxtəlif tədbirlərdə fəallıq göstərir.  Müəllimlərin sentyabr (əvvəllər avqust) konfranslarında nazirliyin nümayəndəsi kimi ayrı-ayrı rayonlarda olmuş, təhsil standartlarının, mərkəzləşdirilmiş imtahanlarda ədəbiyyatdan test tapşırıqlarının hazırlanmasında, ilin ən yaxşı müəllimi müsabiqələrinin təşkili və həyata keçirilməsində yaxından iştirak etmişdir. 

 

Piralı müəllimin ən çox müraciət etdiyi, tədqiq etdiyi sahələrdən biri vətənpərvərlik tərbiyəsidir. Namizədlik dissertasiyası da bu mövzuya həsr olunub. Bütün bunlar təsadüfi deyil. O, Vətənə, doğma torpağa son dərəcə bağlı adamdır. Düşmənə sonsuz nifrəti vardır. Onun babası  Füzuli rayonunun Yağlıvənd kəndinin ilk kolxoz sədri olmuşdur. Adını daşıdığı  və üzünü görmədiyi bu şəxsi 1933-cü ildə 42 yaşında, əmisi Bayraməlini isə 1955-ci ildə 22 yaşında erməni faşistləri qətlə yetirmişlər.

 

Piralı müəllimin qardaşı Gülalı I Qarabağ müharibəsində iştirak etmiş (1992-1994-cü illər) və  Horadiz ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

 

Bütün bunlar onun elmi yaradıcılığından kənarda qala bilməzdi. O, öz əsərlərində böyüyən nəsildə, gənclərdə vətənpərvərlik duyğusunun və düşmənə nifrət hisslərinin formalaşdırılmasını vacib bilmiş, Vətənin müdafiəsinə həmişə hazır olmağı hər birimizin müqəddəs borcu, vəzifəsi kimi ön plana çəkmişdir.

 

Təhsilin məzmunu ilə bağlı Piralı müəllimin gördüyü işlər xüsusilə diqqətəlayiqdir. O, aşağıdakı istiqamətlərdə tədqiqatlar aparmış və tədqiqatlarının nəşrinə nail olmuşdur: “Ümumtəhsil məktəblərində V-XI siniflər üçün ədəbiyyat proqramı”, “Ədəbiyyatdan Azərbaycan Respublikası məktəblilərinin təhsil standartları”, “Ümumtəhsil məktəblərində poetikanın tədrisinin nəzəri və praktik problemləri”, “Ədəbiyyatdan sxemlər və cədvəllər (Ədəbiyyat nəzəriyyəsi materialları üzrə)”, “Ümumtəhsil məktəblərində Azərbaycan klassik ədəbiyyatının tədrisi (şeir nümunələri əsasında)”, “V-XI siniflərin ədəbiyyat fənnindən qiymətləndirmə standartları və vəsaitlərinin hazırlanması”, “Dədə Qorqud” dastanından “Bayburanın oğlu Bamsı Beyrək boyu” və “Basatın Təpəgözü oldürməsi boy”u (məktəblilər üçün sadələşdirilmişdir)”, “Uşaq ədəbiyyatının tədrisi problemləri”, “Ədəbiyyatın tədrisi metodikası proqramı (Ali məktəblərin bakalavr təhsili alanlar üçün), “Ümumi təhsilin dövlət standartları: ədəbiyyat fənni”, “Mütaliə mədəniyyətinin formalaşdırılması yolları” və s.

 

Ümumiyyətlə, professor Piralı Əliyevin 170-ə yaxın elmi əsəri, o cümlədən  2 monoqrafiya, 5 metodik vəsaiti, çoxsaylı elmi məqalələri vardır.  Türkiyənin, Ukraynanın, Qazaxıstanın, Özbəkistanın və Rusiya Federasiyasının nüfuzlu jurnallarında 11 məqalə dərc etdirmişdir. 

 

Piralı müəllim səmərəli tədqiqatlar aparır. Onun tədqiqatları aşağıdakı istiqamətləri əhatə edir: “Təhsil müəssisələrində  tərbiyə işinin təşkilinin elmi-nəzəri əsasları”,“Ümumtəhsil məktəblərində tərbiyə işinin təşkili, planlaşdırılması və idarə olunması”, “Təhsil sisteminin idarə edilməsinin nəzəri-metodoloji əsasları”,“Tərbiyə işində kollegial idarəetmə və  özünüidarə”, “Ümumtəhsil məktəblərində sinif rəhbəri işinin təşkili”, “Ümumtəhsil müəssisələrində təhsilalanlarla məktəbdənkənar  tərbiyə işinin təşkili”, “Təhsilin idarə olunması və iqtisadiyyatı” və s.

 

Piralı müəllim elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Elmi rəhbərliyi ilə 2 nəfər fəlsəfə doktoru yetişmişdir. Rəsmi opponent kimi də fəaliyyəti diqqətəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert komissiyasının üzvüdür.

 

Piralı müəllimin əməyi dövlət, Təhsil Nazirliyi və institut tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin Sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülmüş, təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döz nişanı və Fəxri fərmanı ilə təltif olunmuşdur.

 

Mən Piralı müəllimlə tanış olanda onun 28 yaşı vardı. İllər gör nə sürətlə ötüb keçib. İndi o, artıq 65 yaşına çatıb. Sağlam və gümrahdır,  həvəslə, yüksək enerji ilə  fəaliyyət göstərir, yazıb yaradır.

 

Arzum budur ki, o, 70, 80, 90, 100 yaşında da belə şövqlə fəaliyyətdə olsun.

 

Piralı müəllim, 65 yaşın mübarək!!!

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

 



12.11.2021 | 10:30