UFAZ-ın 40 tələbəsi Strasburqda yay məktəbində iştirak edib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 tələbəsi 2 həftə ərzində Strasburqda yay məktəbində iştirak edib. İyunun 30-dan başlanan yay məktəbində tələbələr intensiv fransız dili dərsləri keçib, Strasburq Universitetinin bir neçə elmi laboratoriyasında olublar. Fransaya səfər zamanı mədəni proqram çərçivəsində tələbələr Avropa Şurası və Avropa Parlamentində olaraq bu qurumların fəaliyyəti ilə tanış olublar.
Strasburqa həmçinin UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və UFAZ-ın bir neçə müəllimi də səfər edib. Yay məktəbinin ikinci həftəsində UFAZ tələbələri Strasburq Universitetinin prezidenti Michel Deneken və digər nümayəndələri ilə görüşüblər. UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov tələbələrə göstərilən diqqətə, eləcə də yay məktəbinə və bütövlükdə UFAZ layihəsinə verilən yüksək qiymətə görə Strasburq Universitetinin prezidenti Michel Denekenə təşəkkürünü bildirib. Michel Deneken UFAZ tələbələrinin Strasburq Universitetinin tələbəsi statusunu daşıdığını qeyd edərək onlarla səmimi söhbət edib. Builki yay məktəbinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğu dövrə təsadüf etdiyini söyləyən Strasburq Universitetinin prezidenti ADR-in müstəqil dövlət olaraq de-fakto tanınmasının Fransanın paytaxtı Parisdə baş verməsinı məmnunluqla ifadə edib və bunun böyük önəm daşıdığını tələbələrin diqqətinə çatdırıb.
Strasburqa səfər çərçivəsində UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov Strasburq Universitinin prezidenti Michel Deneken, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru İrinie Jacoberger, vitse-prezident Philippe Turek, kimya fakültəsinin direktoru Jean-Marc Planeix, eləcə də UFAZ-ın Unistra üzrə koordinatoru Eckhart Hotzel və UFAZ-ın elm üzrə eksperti Pierre Collet ilə görüşlər keçirib, UFAZ-ın gələcək prespektivləri və digər məsələlərlə bağlı müzakirələr aparıb.
UFAZ-ın 40 tələbəsinin Strasburqda yay məktəbində iştirakı ənənəvi xarakter daşıyır. 2017/2018-ci tədris ilində I və II kursu ən yaxşı qiymətlərlə başa vurmuş 40 tələbə Strasburqda olduqları müddət ərzində fransız dili, təhsil aldıqları ixtisaslar üzrə, o cümlədən laboratoriya məşğələləri ilə bağlı biliklərini zənginləşdirməklə yanaşı onlar üçün təşkil olunmuş mədəni proqram çərçivəsində istirahət də ediblər.
|
|
16.07.2018 | 14:41 | |
|
|
|