Qalibiyyət simvolumuz – üçrəngli Bayrağımız!

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

 

Bayraq ən müqəddəs rəmzlərdən biri kimi millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. 

 

Tarixi haşıyə

 

Bu günün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Cümhuriyyətin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib. İclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusu daşıyıb. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərində milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müqəddəs Bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

 

Dövlət Bayrağı müstəqilliyin yeni mərhələsində

 

Dövlət Bayrağı milli suverenliyin simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılıb və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan edib.

 

Beləliklə, yeni müstəqillik dönəmində üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvanda, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasında dalğalanıb...

 

Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir.

         

Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

 

Məlumdur ki, 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bundan başqa, Azərbaycanın bütün rayon və şəhərlərində də Bayraq meydanları var. Xoşbəxtik ki, Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda da qaldırılıb və bu gün Qarabağımızda qürurla dalğalanır! Bu ilki Bayraq Gününün fərqliliyi də məhz bununla bağlıdır. Üç rəngli Bayrağımız bir kərə yüksəlib, heç zaman enməyəcək!!!   

 



09.11.2021 | 10:05