ŞANLI ZƏFƏRimizi qalib ölkə, qəhrəman xalq kimi qeyd edirik

Şanlı tarix-8 noyabr! Azərbaycanlıların Şuşa həsrətinin bitdiyi gün! Şuşanın azadlığı həm də müharibənin sonunu gətirdi və Zəfərin qəti tarixini müəyyənləşdirdi. Bu gün biz Möhtəşəm Zəfərin bir illiyini qeyd edirik-qürurla, fəxrlə!!!

 

Bu bir ilin tamamında müharibənin necə başlandığını, necə getdiyini, üstəlik, hansı şəkildə yekunlaşdığını hafizəmiz özündə çox gözəl saxlayır. Müharibə özü-özlüyündə dağıntılar, itkilər faktını doğuran, bu mənada mənfi enerjisi olan bir hadisədir, amma əsas isə odur ki, bu neqativ vəziyyəti pozitiv enerjiyə çevirə biləsən. Azərbaycan əsgəri öz hünəri, torpaq sevgisi, əzmi ilə savaşın ilk günlərindən müsbət ovqat yaratmağı bacardı. Müharibənin bizim üçün nə həyacanı var idi, nə də xofu.  Azərbaycan xalqının qəlbi Zəfər qazanmaq hissiyatı ilə çırpınırdı. 44 günlük Vətən müharibəsinin gözəl sonluğu isə artıq əldə olunmuşdu.

 

O gecə unudulmaz bir gecə idi: Azərbaycan xalqına müharibənin başa çatması xəbəri verildi; Üçtərəfli 10 noyabr Bəyanatı imzalanmış, bununla da münaqişənin hərbi fazası başa çatmış, proses sülh danışıqları mərhələsinə keçmişdir. Prezident İlham Əliyev gecədən ötən saatlarda bu şad xəbəri öz xalqı ilə bölüşərkən belə bir cümlə işlətdi: “Mən bu Bəyanata böyük fəxr hissi ilə imza atmışam, Paşinyansa miskin və acınacaqlı durumda”. Çünki 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Faktiki olaraq, düşmənin texnikası tam məhv edilmiş, canlı qüvvəsinə ciddi zərbə vurulmuş, Ermənistan ordusu darmadağın olunmuşdur. Ermənistanın masaya oturmaqdan, Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirməkdən başqa, çarəsi qalmamışdı.

 

10 noyabr Bəyanatının məzmunu, detalları cəmiyyət üçün, bütövlükdə dünya üçün maraqlı idi və bu gün də təhlillər aparıldıqca Azərbaycanın necə bir Zəfərə imza atdığını tam aydınlığı ilə görmək mümkündür. Məsələ Azərbaycanın Qələbəsi, Ermənistanın məğlubiyyəti ritorikasından daha dərinliklərə gedib çıxır. O dərinliyə ki, bu müharibədə “Böyük Ermənistan” planı uğursuzluğa düçar oldu. “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu.  Toplardan atılan yandırıcı mərmilər Ermənistanın böyük xəyallarına dəydi və əndazəni aşan bu iddialı xəyallar erməni əsgərləri, zabitləri, generalları ilə birlikdə qara torpağa gömüldü.

 

Üçtərəfli Bəyanat faktiki olaraq status-kvonu dəyişdi. Uduzan Ermənistan işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Beləliklə, Ağdam, Laçın, Kəlbəcər rayonlarının azadlığına dinc yol açıldı-qan tökülmədən, əlavə itkilər verilmədən bu torpaqların geri qaytarılması prosesi baş verdi.

 

Bu Bəyanatın digər mühüm əhəmiyyəti ondan ibarət oldu ki, Qarabağın statusu məsələsi ortadan qaldırıldı,“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi vahidi anlayışına son qoyuldu. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində ayrılmaz ərazimiz olaraq təsbitləndi. Laçın dəhlizində təhlükəsizliyin təminatı bu gün Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

 

Bəyanat keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmaq haqlarını tanıyır və onlar hazırda aparılan bərpa-quruculuq işlərindən sonra öz torpaqlarına geri dönəcəklər, üstəlik, demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.

 

Yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən edən bu Bəyanat

 

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını da təsdiq edib. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq. Birbaşa təması yeni kommunikasiya layihələri reallaşdıracaq- konkret desək, Zəngəzur dəhlizi!  

 

Azərbaycan rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoyub. Təkcə regionun da deyil. Üstəlik, özünü öz yaramaz siyasəti ilə blokadaya salmış Ermənistanın iqtisadi inkişafı üçün də şərait meydana çıxıb.    Əslində bu məqam o qədər əhəmiyyətlidir ki, bütün dünya tərəfindən bu qələbənin qazanılmasına, regionun simasının dəyişmək üzrə olmasına hamıdan alqış eşidilməliykən, dostlarımız xaric, bəzilərini pərişan, hardasa, qızışdırıcı rolda görmək təəssüf doğurur. Kimin bu zəfəri həzm edib-etməməsinə baxmayaraq, reallıq budur: Azərbaycan Minsk Qrupundakı güclərin bacarmadığını bacardı-münaqişəni həll etdi; Azərbaycan BMT-nin missiyasını özü yerinə yetirdi: beş qətnamənin icrasını ölü nöqtədən tərpətdi, düşməni öz sərhədlərinə qədər qovub, ərazi bütövlüyümüzü bərpa etdi. Qələbə şəhidlərimizin qanı ilə qazanıldı. Bu Zəfər bizim üçün hər zaman müqəddəs qalacaq! Bu Zəfər alnımızın açıqlığı, üzümüzün ağlığıdır! Bu Zəfər bizim şərəfimizdir!!!

 

Vəfa ALLAHVERDİYEVA               

 



08.11.2021 | 10:50