Universitetdə “Zəfər Günü” qeyd olunub

Azərbaycan Dillər Universitetində (ADU) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə millət vəkilləri, şəhid ailələrinin üzvləri, müəllim və tələbələr iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan 44 gün ərzində tarixi bir qələbəyə imza atdı:”Müasir dünyada bu qədər sürətli və az itki ilə qələbə çətin məsələdir. Bu çətin məsələnin öhdəsindən Azərbaycan ordusu və Azərbaycan xalqı şərəflə, ləyaqətlə gəldi. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycanı onun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev daha da möhkəmləndirdi, ölkənin iqtisadi imkanlarını artırdı, xalqın rifah halını yüksəltdi. Qələbəni şərtləndirən amillərdən biri də xalqla iqtidar arasındakı sıx bağlılıq və vəhdət oldu”.

 

Millət vəkili Naqif Həmzəyev tələbələrin, xüsusilə gənclərin tarixi zəfərimizdəki rolundan danışıb, vətənpərvərlik və güclü inam hissinin daima Azərbaycan xalqının əsas güc mənbəyi olmasını diqqətə çatdırıb. Bundan sonra da istər təhsildə, istər cəbhədə, istərsə də beynəlxalq müstəvidə daha güclü, daha inamlı və daha həvəsli olmağımızın vacibliyi qeyd edilib:”Bayrağımızın Şuşada, Laçında, Ağdamda və digər əzəli və əbədi torpaqlarımızda dalğalanması bizi  qürurlandırır, işimizin və gücümüzün miqyasını daha da genişləndirir. Bu işdə hamımız əlimizdən gələn köməkliyi əsirgəməməli və güclü dövlətimizi daha da gücləndirməliyik”.

 

ADU-nun ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova qeyd edib ki, şəhidlərin xatirəsini daima uca tutan Azərbaycan xalqı bir daha qəhrəman və cəsur xalq olduğunu bütün dünyaya göstərdi:”Hər kəs bir yumruq kimi birləşdi, bu Dəmir yumruq bizim işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və xalqımızın müzəffər xalq olmasını şərtləndirdi. Hər birimiz bu qələbənin qorunmasında və gələcək uğurlarımızın davamlı olması yolunda Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bizə qələbəni yaşadanları heç vaxt unutmamalıyıq”.

 

Daha sonra tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.

 



06.11.2021 | 16:30